Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının (YT Park) Ekspertlər Şurasının onlayn iclası keçirilib.

 

İclasda Ekspertlər Şurasının sədri, akademik Rasim Əliquliyev, Şuranın üzvləri, YT Parkın baş direktoru, professor Əbülfəz Babayev, icraçı direktoru Vasif Abbasov, direktor müavini Zaur Nəhmətov, bir sıra məsul şəxslər, eləcə də rezidentlik üçün müraciət edən müəssisənin nümayəndələri iştirak ediblər.

 

Şuranın sədri, akademik R.Əliquliyev iclasın “AZCOSMETICS GROUP” MMC-nin YT Parkda rezident kimi qeydiyyata alınması üçün təqdim etdiyi layihənin müzakirəsinə həsr olunduğunu bildirib. 

 

O,  Ekspertlər Şurasının fəaliyyətindən bəhs edərək diqqətə çatdırıb ki, Şura innovativ təklif, ideya və elmi nailiyyətlərin YT Park vasitəsilə reallaşdırılması və kommersiyalaşdırılması, daxili və xarici bazara çıxarılması funksiyasını icra edir. Həmçinin yeni rezidentlərin seçilməsi ilə yanaşı, YT Parka elmi dəstək vermək, elm və istehsalat arasında intellektual körpü yaratmaq vəzifəsini yerinə yetirir.

 

Sonra “AZCOSMETICS GROUP” MMC-nin direktoru Ulduza Xanlarova rəhbərlik etdiyi qurum haqqında məlumat verib, müəssisənin Azərbaycan məhsulu olan saç boyalarının istehsalını həyata keçirəcəyini vurğulayıb. Bu sahəyə tələbatın yüksək olduğunu deyən şirkət rəhbəri qeyd edib ki, boyaların istehsalının təşkil olunması, ilk növbədə ölkəmizdən saç boyası üçün xaricə gedən valyuta axınının qarşısını alacaq, digər ölkələrdən alınan və böyük vəsait tələb edən məhsullarla müqayisədə üç dəfəyədək sərfəli qiymətə olması isə tələbatın yerli istehsal hesabına ödənilməsinə şərait yaradacaq.

 

Direktorun sözlərinə görə, yüksək keyfiyyətli məhsul istehsalını qarşısına məqsəd qoyan şirkət tərəfindən gələcəkdə şampun, balzam, krem, müxtəlif kosmetik yağlar və digər dəriyə qulluq vasitələrinin istehsalı, eləcə də bu məhsulların ixracı planlaşdırılır. 

 

YT Parkın baş direktoru Əbülfəz Babayev bildirib ki, ölkəmizdə neft məhsullarından aromatik maddələrin ayrılması texnologiyasının işlənilməsi üzrə vaxtilə müəyyən tədqiqatlar aparılsa da, hazırda bu sahədə yeni istiqamətlərdə elmi tədqiqatlara ehtiyac duyulur. 

 

Baş direktor texnoparkda fəaliyyətə başlaması nəzərdə tutulan “AZCOSMETICS GROUP” MMC tərəfindən istehsal olunacaq məhsulun bütün göstəricilərinin beynəlxalq tələblərə cavab verəcəyini, sertifikatlı resept əsasında hazırlanacağını bildirib. Alimin sözlərinə görə, “AZCOSMETICS GROUP” MMC ilə icra olunacaq layihə çərçivəsində istehsal edilən məhsulların, ilk növbədə yüksək keyfiyyətli olmasına üstünlük veriləcək.

 

Daha sonra “AZCOSMETICS GROUP” MMC-nin YT Parkın rezidenti kimi qəbul edilməsinə dair səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, adıçəkilən iddiaçıya rezident statusunun verilməsi qərara alınıb.