"Davam" Gənclər Hərəkatı və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin  birgə təşkilatçılığı, eləcə də Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər Fondu və Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ağacəkmə aksiyası həyata keçirilib. Aksiya Böyük Zəfərimizin 100-cü gününə və Vətən uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsinə həsr olunub.

 

Aksiyaya gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Səbail RİH başçısı Vüqar Zeynalov, "Davam" hərəkatının sədri Nihad Allahyarlı, həmçinin şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, olimpiya, dünya çempionları və tələbələr qatılıb. Aksiyada o cümlədən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 40-a yaxın könüllü tələbəsi də iştirak edib.

 

Tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla anılması ilə başlayıb, daha sonra canlı şəkildə Azərbaycanın Dövlət himni ifa edilib. Gənclər tərəfindən eni 10 metr, uzunluğu 20 metr olan şanlı Azərbaycan bayrağı ilə fləşmob keçirilib.

 

Fləşmobun ardından start götürən aksiya zamanı 150-dən çox fəal gəncin iştirakı ilə 200-dən artıq ağac tingləri əkilib, suvarılıb və xüsusi qaydada qulluq göstərilib.

 

Bu barədə ADPU-dan bildirilib.