Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) Beynəlxalq əlaqələr şöbəsi tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi ilə bağlı beynəlxalq kitab mübadiləsi aparılıb.

 

Beynəlxalq əməkdaşlıq çərçivəsində 40-a yaxın ölkənin (ABŞ, Kanada, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Argentina, Kolumbiya, Belarus, Danimarka, Norveç, Rumıniya, Slovakiya, Sloveniya, Türkiyə, Rusiya, Mərkəzi Asiya ölkələri, Baltikyanı ölkələr, Çexiya, Macarıstan, Bolqarıstan, Polşa, Gürcüstan, Çin, Yaponiya və s.) kitabxanalarına Nizami yaradıcılığı ilə bağlı sorğu göndərilib.

 

Sorğuya cavab olaraq, Sofiya şəhərində yerləşən Bolqarıstan Milli Kitabxanasından fars poeziyasının “qızıl dövrü”nə aid Rudəki, Firdovsi, Ömər Xəyyam, Rumi, Sədi, Nəvai kimi böyük şairlərin həyat və yaradıcılığını əks etdirən, xüsusən də bədii fikrin nadir hissəsi olan Nizami Gəncəvi yaradıcılığını önə çıxaran bolqar dilində  “СРЕДНОВЕКОВНИ ИЗТОЧНИ ПОЕТИ” nəşri elektron formada MEK-ə təqdim olunub.

 

MEK-dən bildirilib ki, bolqar dilindən Azərbaycan dilinə tərcümə olunan əsər Nizamişünas alimlər üçün qiymətli mənbə, həmçinin dəyərli elmi-tədqiqat əsərinə çevrilə bilər. “СРЕДНОВЕКОВНИ ИЗТОЧНИ ПОЕТИ” kitabı Şeyx Nizami yaradıcılığı və irsinin daha da dərindən öyrənilməsi, tədqiqi, eləcə də bütün istiqamətlərdə nizamişünaslıq elminin koordinasiyası rolunu oynayacaq.