Sumqayıt Dövlət Universitetində (SDU) növbəti semestrin dərslərinə start verilib və tədris prosesi onlayn formada təşkil olunub.

 

SDU-dan bildirilib ki, praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə təhsilalanların fiziki iştirakını tələb edən fənlərin tədrisinin ənənəvi formada bərpa olunması mümkün hesab edilib. Sadəcə universitet tələbələrinin böyük əksəriyyətinin bölgələrdə yaşadığı  nəzərə alınaraq göstərilən fənlərin tədrisinin mərhələli şəkildə (onlayn və ənənəvi) keçirilməsi təşkil olunur.

 

Tədrisi əyani formada nəzərdə tutulan laboratoriya dərslərinin nəzəri hissəsi yaz semestrinin sonuna kimi onlayn formada keçiriləcək, tələbələr laboratoriya işləri ilə bağlı nəzəri biliklərə yiyələnəcəklər.

 

May ayı ərzində növbəlilik prinsipi gözlənilməklə tələbələr ixtisasları üzrə laboratoriya işlərini universitetdə ənənəvi qaydada yerinə yetirəcəklər.

 

Qrafikə uyğun olaraq laboratoriya dərsləri birinci kurslar üçün 1-10 may, ikinci kurslar üçün 11-20 may, üçüncü kurslar üçünsə 21-30 may tarixlərində həyata keçiriləcək.