Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəlaiyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) təhsil alan tələbələrin laboratoriya məşğələləri bu həftə ənənəvi qaydada keçirilib.

 

UFAZ-dan bildirilib ki, ali məktəbin Strasburq Universitetindən olan professorlarının rəhbərliyi ilə Kimya mühəndisliyi (CE), Geofizika mühəndisliyi (GE) və Neft-Qaz mühəndisliyi (PE) ixtisaslarının dördüncü kurs tələbələri üçün Təcrübi kimya və Maye mexanikası dərsləri keçirilib. Koronavirus pandemiyası ilə mübarizə məqsədilə elan olunmuş karantin rejiminin tələblərinə uyğun olaraq laboratoriya məşğələləri zamanı tələbələrin maska taxması, fiziki məsafə saxlaması və kiçik qruplarla işləməsi təmin edilib.

 

Laboratoriya məşğələləri özündə nəzəri və seminar dərsləri ehtiva edən vahid paket şəklində tədris olunur ki, bu da tələbələrə  tədris edilən fənnin  ümumi qavranılmasını rahatlaşdırır. Laboratoriya məşğələləri mühazirə dərsləri kimi tam olaraq Strasburq Universitetinin tədris proqramları əsasında keçirilir.

 

Qeyd edək ki, Strasburq Universitetinin standartlarına uyğun olaraq ən müasir avadanlıqlarla təchiz edilmiş  UFAZ laboratoriyaları 2500 m² - lik sahəni əhatə edir. Burada 3 kimya, 1 kimya mühəndisliyi laboratoriyası, 4 fizika və tətbiqi fizika laboratoriyası, eləcə də 2 kompüter elmləri laboratoriyası və iş ofisləri vardır.