Energetika Nazirliyi və tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) Bakı Mühəndislik Universitetinin (BMU) mühəndislik fakültəsinin (Elektrik mühəndisliyi, Elektronika mühəndisliyi və Elektroenergetika ixtisasları) tələbələri ilə onlayn görüş keçirib.  Tanışlıq (networking) xarakteri daşıyan görüşdə adıçəkilən qurumların məsul şəxsləri, universitetin professor-müəllim heyəti iştirak edib.

 

Ali məktəbdən bildirilib ki, tədbirdə BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov, universitetin elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov açılış nitqi ilə çıxış ediblər.  Çıxışlar zamanı universitet haqqında, həmçinin Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə BMU ilə Koreyanın İnha universiteti arasında icra edilən ikili diplom proqramı barədə məlumat verilib.

 

Sonra Energetika Nazirliyi və AERA-nın ictimaiyyətlə əlaqələr sektorlarının rəhbərləri Cahid Mikayılov və Günel Əhmədova təqdimatlarla çıxış ediblər. Təqdimatlarda hər iki dövlət qurumunun fəaliyyətindən ətraflı söz açılıb, son illər ölkəmizdə energetika və enerji tənzimləmə sahəsində həyata keçirilən islahatlardan,  görülən işlərdən bəhs olunub. Nazirlik rəsmisi C.Mikayılov çıxışında işğaldan azad olunmuş Azərbaycan torpaqlarının enerji təminatı məsələsindən də danışıb.

 

Energetika Nazirliyinin Dövlət qulluğu və kadrlar şöbəsinin sektor müdiri Xəyalə Qurbanova isə karyera planlaşdırılması və iş axtarma yolları haqqında görüş iştirakçılarına məlumat verib.

 

Tədbirdə mühəndislik fakültəsinin dekanı, dosent Hüseyn Mirzəyev, BMU Texnoparkın müdiri Elçin Qurbanov və digərləri gələcək əməkdaşlıq məsələləri ilə bağlı müxtəlif səmərəli təkliflər səsləndiriblər.

 

Görüş sual-cavab formatında davam edib.