2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələrinə əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bakalavr və magistratura təhsil pillələrində təhsil alan tələbələrin 83,91%-i təqaüd alır ki, bu da tələbələrin tədris prosesində yüksək bilik nümayiş etdirməsinin göstəricisidir.

 

ADNSU-dan bildirilib ki, universitet üzrə bütün tələbələrin 48%-i əlaçı və zərbəçi təqaüdü alır. Magistratura pilləsi üzrə əlaçı və zərbəçi təqaüdü alan tələbələr magistrantların 88,3%-ni təşkil edir. Bakalavriatura və magistratura pillərində təhsil alan və təqaüd qazanan bütün tələbələrin 21%-i ödənişli əsaslarla təhsil alan tələbələrdir.

 

Qeyd edilib ki, Prezidentinin sərəncamına əsasən 2016-cı ildən başlayaraq ödənişli əsaslarla təhsil alan tələbələrə də ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə təqaüdün verilməsi tələbələr arasında rəqabət mühitinin daha da inkişafına gətirib çıxarıb.