Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) sosial və humanitar məsələlər üzrə prorektorunun köməkçisi Cavid Hüseynov, Ağcabədi filialının tərbiyə işləri üzrə direktor müavini Mahir Səlimov, həmin filialın dekan müavini Xəyyam Bədəlov, ADPU-nun əməkdaşı Cahangir Süleymanov və tələbə təşkilatlarının nümayəndəsi Asim İbrahimov Vətən Müharibəsi şəhidi, ADPU-nun Ağcabədi filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə məzunu, baş leytenant Ağaqardaş Abbasovun yeni dünyaya gələn qızı İlknuru ziyarət ediblər.

 

Zərdab rayonunun Salahlı kəndində şəhid ailəsinin qonağı olan universitet nümayəndələri şəhidin atası İlham Abbasovla həmsöhbət olublar. Şəhid atası qonaqlara Ağaqardaşın vətənpərvərliyindən söz açaraq xatirələrini bölüşüb: "Ağaqardaş Vətəninin azad olmasını o qədər çox istəyirdi ki…Yaralanaraq qan itirən yoldaşına kömək etmək üçün üst geyimini çıxarıb ona verib, özü isə döyüşə davam edib. Doğum günündə, sentyabrın 28-də  şəhidlik zirvəsinə ucalıb...".

 

ADPU-nun nümayəndəsi C.Hüseynov ali məktəbin rektoru Cəfər Cəfərov başda olmaqla universitet rəhbərliyi adından şəhid ailəsinə ehtiramını bildirib, Vətən Müharibəsində şəhid və qazi olan bütün tələbə və məzunların daim universitet rəhbərliyinin diqqətində olduğunu, ən qısa zamanda təhsil ocağında, eləcə də filiallarda şəhidlərin xatirələrinin əbədiləşdiriləcəyini diqqətə çatdırıb.

 

O, ADPU rəhbərliyinin şəhidin övladı İlknura olan hədiyyələrini, ADPU şəhidləri haqqında materialların dərc olunduğu universitetin "Gənc müəllim" qəzetinin nüsxələrini və ali məktəbin nümayəndəsi Taleh Mirzəyevin şəhidə, həmçinin onun balaca qızına həsr etdiyi "Ağaqardaşdan İlknura" adlı şeirini ailəyə təqdim edib.

 

Şəhidin atası göstərilən diqqət və qayğıya görə ADPU rəhbərliyinə təşəkkürünü bildirib.