Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkında (YT Park) bu qurumun fəaliyyətinin təkmilləşdirilməsi, qarşıya qoyulan məsələlər və tapşırıqların icra vəziyyətinin müzakirəsinə həsr olunan müşavirə keçirilib.

 

YT Parkın baş direktoru, professor Əbülfəz Babayev bildirib ki, müşavirənin keçirilməsində əsas məqsəd texnoparkın fəaliyyətinin daha səmərəli təşkilinin təmin olunması, gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, eləcə də Texnoparkın əməkdaşlarını görülən işlərdə daha fəal və məhsuldar çalışmağa sövq etməkdir.

 

Ə.Babayev vurğulayıb ki, YT Parkın fəaliyyətinin ən müasir tələblərə uyğun qurulması üçün bu sahədə dünya təcrübəsi dərindən öyrənilməli, dünyanın nüfuzlu texnoparklarının fəaliyyəti ətraflı araşdırımalıdır.

 

Sonra çıxış edən YT Parkın icraçı direktoru Vasif Abbasov müəssisəyə yeni rezidentlərin cəlb edilməsi, gələcəkdə səmərəli əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində müvafiq işlərin görüldüyünü bildirib.

 

Ölkəmizdə innovativ layihələrin Texnopark tərəfindən dəstəkləndiyini deyən V.Abbasov bildirib ki, yüksək texnologiyalar və innovasiya siyasətinin daha aktiv tətbiqinin həyata keçirilməsi işində rezidentlərin fəaliyyətinin təmin olunması sürətləndirilməlidir.

 

Müşavirədə həmçinin, YT Parkda həftəsonları növbəli iş rejiminin təmin olunması qərara alınıb.