Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan  professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: “Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasının təşəbbüsü ilə İranın görkəmli ustad sənətkarı, elm xadimi, bəstəkar, dirijor Fərhad Fəxrəddininin yaradıcılığına həsr olunan onlayn elmi seminar keçirilib.

 

Tədbirdə Elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq  üzrə fəlsəfə doktoru, dosent  Nuridə İsmayılzadə, İran Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Ağayi Əliəkbər Purmercan, Bakı Dövlət Universitetinin dosenti Azad Rzayev, tərcüməçi Səpidə Haşemi və laboratoriyanın elmi işçiləri iştirak ediblər.       N.İsmayılzadə Azərbaycan və İran musiqi əlaqələrinin hələ 1918-ci ildə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin səfəri zamanına təsadüf etdiyini və bəstəkarın bəzi əsərlərinin İranın müxtəlif şəhərlərində nümayiş etdirildiyini vurğulayaraq bildirib ki, Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra iki ölkə arasında mədəni əlaqələr müxtəlif sahələrdə daha da genişlənərək yüksək səviyyəyə çatıb.

      

Tədbirdə Bakı Musiqi Akademiyasının doktorantı, bəstəkar İlahə İsrafilova elmi məruzə ilə çıxış edib. O, bəstəkarın yaradıcılığının bir neçə istiqamətdə inkişaf etdiyini,  xüsusilə, İran milli musiqisinin tarixinə, muğama, kino musiqisinə dair tədqiqat işləri haqqında məlumat verib.

 

Məruzəçi Fərhad Fəxrəddininin monumental əsərlər ərsəyə gətirdiyini, qədim şərq musiqisinə dair elmi tədqiqatlarla müasir dövrün tədqiqatçılarının yaradıcılığı arasında körpü yaratdığını vurğulayıb.

 

Daha sonra bəstəkarın məşhur əsərləri arasında “İbn Sina” süitası, Azərbaycan tarı üçün yazılmış konserti və “İmam Əli”  tarixi serialından saundtreki nümayiş etdirilib.

        

Fərhad Fəxrəddininin Azərbaycan tarı üçün yazılmış konsertinin ilk ifaçısı, xalq artisti, professor Ramiz Quliyev Azərbaycan-İran mədəniyyət əlaqələrindən, ustad bəstəkarla yaradıcılıq münasibətlərindən,  Fərhad Fəxrəddininin dirijorluğu ilə konsertdə çıxış etməsindən danışıb.

    

Seminarda çıxış edən İran Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Ağayi Əliəkbər Purmercan musiqi əlaqələrinin davam etdirilməsində maraqlı olduqlarını vurğulayıb. 2021-ci il Azərbaycanda Nizami ili elan olunduğuna görə iki ölkə arasında birgə layihələrin keçirilməsi arzusunu da dilə gətirib.