Azərbaycan Texniki Universiteti (AzTU) və Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşkilatçılığı ilə “Yaşıl enerji texnologiyaları” mövzusuna həsr olunan seminar-sərgi keçirilib.

 

Tədbirdə Milli Məclisin deputatları, AzTU-nun əməkdaşları, Energetika Nazirliyi, “Azərkosmos” ASC və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) nümayəndələri iştirak ediblər.

 

Seminar-sərgidə AzTU-nun rektoru, professor Vilayət Vəliyev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun mövzu üzrə məruzələri dinlənilib.

 

Sonra AzTU-nun tədris işləri üzrə prorektoru, professor Nurəli Yusifbəyli “Mövcud trendlər və Azərbaycanda yaşıl enerji texnologiyalarının inkişaf istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ində növbəti onillikdə Azərbaycanın sosial-iqtisadi inkişafına dair 5 Milli Prioritetdən birini təmiz ətraf mühit və “yaşıl” texnologiyalar təşkil edir. Bu, eyni zamanda BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası ilə bağlı məsələlərin həlli üçün də xüsusi əhəmiyyət kəsb edir.

 

N. Yusifbəyli qabaqcıl ölkələrin təcrübələri və Azərbacanda yaşıl texnologiyaların real vəziyyətinin təhlilini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, bu sahənin inkişafını şərtləndirən digər amillərlə yanaşı, son 10 ildə günəş “PV” texnologiyalarında 1 kVts kapital xərclərinin 10 dəfəyə yaxın, külək üzrə isə 2 dəfədən çox düşməsi bu sahənin inkişafı üçün yaxşı zəmin yaradır. Məruzəçi çıxışını konkret təkiliflərlə tamamlayıb.

 

Tədbirin ikinci hissəsində gənc innovatorlar, sahə üzrə mütəxəssislər- Ceyhun Xəlilov və Ruslan Hacıbəyov yaşıl enerji texnologiyaları üzrə yaradılmış innovativ qurğuların təqdimatı ilə çıxış ediblər. Gənc innovatorlar hazırladıqları müasir qurğuları real iş rejimində tədbir iştirakçılarına nümayiş etdirib. İnvertorlu hibrid stabilizatoru, reaktiv və induktiv müqavimət filteri, yüksək tezlikdə işləyə bilən ekonom lampa, elekrik depolaması üçün akumilyasiya (elektromobil), özü-özünü eletriklə təmin edən generator və tullantıların emalı kompleksi barədə danışılıb.

 

Sonda AzTU-nun rektoru V. Vəliyev univesitetdə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”inə uyğun olaraq yeni kafedraların yaradılması və bu sahədə görülən işlər haqqında məlumat verib.