Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) 27 mart - Elm Gününə həsr olunan tədbirlər çərçivəsində onlayn seminar keçirilib.

 

Seminarda institutun Proteomiks beynəlxalq laboratoriyasının müdiri, Cənubi Koreyanın Pusan Milli Universitetinin tədqiqatçı-professoru İsmayıl Zülfüqarovun “Biologiya və tibbdə multi-OMİKS yanaşmalar” mövzusunda məruzəsi dinlənilib. Tədbirdə MBBİ əməkdaşları ilə yanaşı, AMEA-nın  Botanika, Genetik Ehtiyatlar, Biofizika, Torpaqşünaslıq və Aqrokimya, Zoologiya, Dendrologiya, Mikrobiologiya, İnformasiya Texnologiyaları və  Fiziologiya institutlarının alimləri də  iştirak ediblər.

 

Məruzəçi tərəfindən müasir elmin fenomiks, lipidomiks, katalomiks, konnektomiks kimi yeni sahələri haqqında məlumat verilib, bioloji sistemə aid daha geniş bilik əldə etmək üçün omiks texnologiyalarının tətbiqinin zəruriliyi vurğulanıb. Bildirilib ki, genomiks orqanizmin genomu, o cümlədən, genlər, ekzonlar, intronlar, promotorlar, transkripsiya faktorları və bir çox genomla bağlı funksiyaları tədqiq edən texnologiyalardan ibarətdir. Orqanizmin transkriptomunu tədqiq edən transkriptomiks, ikincili metabolitləri tədqiq edən metabolomiks texnologiyaları haqqında ətraflı məlumat verilib,  müxtəlif xəstəliklərin öyrənilməsində multi-omiks texnologiyaların tətbiqindən, bu tədqiqatlarda istifadə edilən alətlərdən, multi-omiks vasitəsilə yeni texnologiyaların işlənib hazırlanması perspektivlərindən söz açılıb.

 

İ.Zülfüqarovun çıxışı seminar iştirakçılarının böyük marağına səbəb olub. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, verilən suallar məruzəçi tərəfindən cavablandırılıb.