Bakı Dövlət Universitetində (BDU) Vətən müharibəsi dövründə yerli və xarici medianın fəaliyyətini təhlil edən, müvafiq analitik tədqiqatlar aparan layihə öz işini yekunlaşdırmaq üzrədir.

 

Universitetdən bildirilib ki, layihənin İşçi qrupu 5 istiqamət üzrə fəaliyyət göstərərək, Azərbaycan Respublikası Prezidentinin xarici KİV-ə müsahibələri; Vətən müharibəsi beynəlxalq mediada; Vətən müharibəsi ölkə mediasında; müharibə dövründə Ermənistan mediası;  Vətən müharibəsi zamanı BDU-nun professor-müəllim heyəti və tələbələrinin ölkə mətbuatında çıxışlarının təhlilini aparıb.

 

İşçi qrupuna BDU-nun jurnalistika fakültəsinin tanınmış alimləri ilə yanaşı, ölkənin bir sıra nüfuzlu media mütəxəssisləri, beynəlxalq jurnalistika tədqiqatçıları, habelə gənc araşdırmaçılar, doktorant və magistrantlar daxil edilib. Aparılan araşdırmalar əsasında geniş hesabatlar hazırlanıb və yaxın müddətdə ictimaiyyətə təqdim olunacaq.

 

Bundan başqa, İşçi qrup Vətən müharibəsində obyektivlik nümayiş etdirən, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən xarici media qurumlarına, jurnalist, siyasətçi və politoloqlara təşəkkür məktubları ünvanlayıb.

 

Məlumat verilib ki, analitik hesabat hazırlanarkən jurnalistikanın prinsiplərinə, beynəlxalq jurnalistika təşkilatlarının təcrübəsinə, beynəlxalq jurnalistikanın prinsip və normalarına, eyni zamanda xarici təşkilatların (UNESCO, ATƏT, AŞPA) jurnalistin peşə fəaliyyəti ilə bağlı qəbul etdikləri tövsiyə xarakterli sənədlərə istinad olunub.