Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Vəkillər Kollegiyası arasında hüquq təhsili və təcrübəsinin sıx inteqrasiyasının təmin edilməsi, hüquq tələbələri və məzunlarının təhsil keyfiyyətinin, peşə fəaliyyətinin yaxşılaşdırılması məqsədilə birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb.

 

Müqaviləyə BDU-nun rektoru Elçin Babayev və Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov imza atıb.

 

Görüşdə çıxış edən Elçin Babayev universitetlə Vəkillər Kollegiyası arasında əməkdaşlığın gələcək perspektivlərinin əhəmiyyətini vurğulayaraq, tələbələr üçün təcrübə proqramlarının təşkili, akademik sahədə püxtələşmiş vəkillərin ali məktəbin tədris fəaliyyətinə cəlb edilməsi və digər maraq kəsb edən məsələlər barəsində danışıb.

 

Vəkillər Kollegiyasının sədri Anar Bağırov təqdimatla çıxış edərək son dövrlərdə vəkilliyin inkişafı və Kollegiyanın fəaliyyəti barədə məlumat verib. O, ölkəmizdə vəkillərin sayının iki dəfədən çox artaraq 2000 nəfərədək, vəkil qurumlarının sayının isə 39-dan 101-dək artırılması, vəkillərin fəaliyyətində elektron texnologiyalardan istifadə imkanlarının genişləndirilməsini bildirib.

 

Qeyd edək ki, imzalanmış müqavilə tərəflər arasında əməkdaşlıq münasibətlərini tənzimləyir. Müqavilə hüquq fakültəsi tələbələrinin hüquq ixtisası üzrə təcrübəyə cəlb olunması, BDU-nun strukturları tərəfindən irəli sürülən layihələrə birgə dəstəyin verilməsi, hüquq fakültəsinin təhsildə fərqlənən tələbələrinə təqaüdlərin müəyyən edilməsi, hüquq təcrübəsinin artırılması ilə bağlı layihələr, konfranslar, simpoziumlar, “moot court”lar və s. tədbirlərin təşkilinin həyata keçirilməsi məsələlərini əhatə edir.

 

Müqavilədə tərəflərin əməkdaşlığının xüsusi bir forması kimi BDU-nun  Vəkillər Kollegiyasının üzvü olan professor-müəllim heyətindən ibarət Vəkil Bürosunun yaradılması da öz əksini tapır.

 

Tədbirin sonunda Vəkillər Kollegiyası tərəfindən universitetin Elmi Kitabxanasına hüquq sahəsinə dair 200-ə yaxın kitab hədiyyə edilib.