Azərbaycan Dövlət Aqrar Universiteti  (ADAU) ilə Türkiyənin Fırat Universiteti arasında əməkdaşlığa dair protokol imzalanıb. 

 

Universitetdən bildirilib ki, onlayn görüş zamanı ADAU-nun rektoru, professor İbrahim Cəfərov univeristetin tarixi və bu günü haqqında Fırat Universitetinin rektoru, professor Fahrettin Göktaşa ətraflı məlumat verib. Universitetlər arasında tərafdaşlığın aspektləri müəyyənləşdirilib. Eyni zamanda, Fırat Universiteti ilə baytarlıq, mühəndislik və balıqçılıq ixtisasları üzrə ikili diplomların tətbiqi məsələsi də müzakirə edilib.

 

Fırat Universitetinin rektoru, professor Fahrettin Göktaş görüşdən məmnunluq duyduğunu, qarşılıqlı əlaqələrin hər iki tərəf üçün faydalı olacağını bildirib. Bu sahədə tələbə-müəllim mübadiləsinin önəmli olduğunu vurğulayıb.

 

Qeyd edək ki, Fırat Universiteti 1975-ci ildən fəaliyyət göstərir. 45 min tələbəsi var və Şərqi Anadolunun ən böyük təhsil müəssisələrindən biridir. Universitetin baytarlıq fakültəsi Türkiyədə reytinq cədvəlində təhsil keyfiyyətinə görə 2-ci, mühəndislik fakultəsi isə 6-cı yerdədir. Həmçinin, Türkiyədəki təhsil ocaqları arasında Fırat Universitetinin kampusu ilk onluqda yer alır.