Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU)  “Qarabağ regionunun iqtisadi və sosial inkişaf problemləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib. 

         

Onlayn konfransda  bir sıra təşkilatların, nazirliklərin nümayəndələri, ali məktəblərin, elmi-tədqiqat institutlarının tanınmış alimləri iştirak ediblər. 

         

AzMİU-nun rektoru,  Əməkdar memar, Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, professor Gülçöhrə Məmmədova  bildirib ki,  erməni işğalçıları tərəfindən 30 ilə yaxın bir dövrdə vəhşicəsinə dağıdılmış Qarabağ regionunun bərpasına, onun yenidən qurulmasına ölkəmizin bir sıra idarə, müəssisə və təşkilatları ilə yanaşı, AzMİU-nun alimləri, memarları da yaxından qoşulublar. 

         

Tədbirdə çıxış edən akademik Ziyad Səmədzadə “Qarabağ regionunun iqtisadi-təbii resursları və onlardan səmərəli istifadə məsələləri”, akademik İradə Hüseynova “İşğaldan azad olunmuş ərazilərdə biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının tədqiqi davamlı inkişafın əsasıdır”, millət vəkili  Elşad Mirbəşiroğlu “İşğaldan azad edilmiş ərazilərin inkişaf strategiyası” və Azərbaycan Milli Elmlər Akademiyasının  müxbir üzvü Akif Musayev “İşğaldan azad edilmiş  ərazilərin bərpa  mərhələləri və xərclərin optimallaşdırılması məsələləri” mövzularında çıxış ediblər.

 

Məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.    

         

Plenar iclasdan sonra konfrans öz işini 3 bölmədə davam etdirib. Bölmələrdə 90-a yaxın məruzə dinlənilib.