Bakı Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə “30 gün Şərq” layihəsi çərçivəsində fakültənin 99-cu ildönümü ilə əlaqədar onlayn dəyirmi masa keçirilib.

 

Universitetdən bildirilib ki, dəyirmi masada fakültənin görkəmli məzunları ilə silsilə görüşlərə yekun vurulub.

 

Tədbirdə dekan Elxan Əzizov fakültənin tarixi ilə bağlı ətraflı məlumat verib, layihə müddətində görkəmli məzunlarla görüşlərin əhəmiyyətindən, bu istiqamətdə məzunlarla əlaqələrin gücləndirilməsindən, son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, tətbiq edilən yeniliklərdən, fakültənin beynəlxalq əlaqələrindən söz açıb.

 

Fakültənin məzunları -  Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə, Malayziyadakı səfiri Qaley Allahverdiyev, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin üzvü, akademik Rafael Hüseynov, Türk filologiyası kafedrasının professoru, millət vəkili Jalə Əliyeva, həmin kafedranın professoru,  Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov çıxış edərək şərqşünaslıq fakültəsinin keçdiyi tarixi yoldan, əldə edilən uğurlardan söz açıblar. Çıxışlarda 99 yaşlı fakültənin ölkəmizdə yüksəkixtisaslı şərqşünas kadrların hazırlanmasındakı  rolundan danışılıb.

 

Sonra İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov, Türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmov, Uzaq şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, professor Oqtay Cəlilbəyli çıxış ediblər.