Prezident yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə “Dövlət qulluqçularının potensialının artırılması” layihəsi həyata keçirilib.

 

DİA-dan verilən məlumata görə, layihə çərçivəsində respublika üzrə dövlət və bələdiyyə orqanlarının rəhbər vəzifələrində çalışan 150-dən çox dövlət qulluqçusu üçün distant formada ixtisasartırma kursu təşkil edilib.

 

Məqsəd regionlarda gənc kadr potensialını inkişaf etdirmək, yüksək mənəvi dəyərləri və etik davranış prinsiplərini əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən kadrları formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasına dəstək olmaqdır.

 

DİA-nın rektoru, akademik Urxan Ələkbərov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə və  DİA-nın professoru Çingiz İsmayılov tərəfindən iştirakçılara etik davranış qaydaları, dövlət qulluqçusunun hüquq və vəzifələri, vətəndaş məmnunluğunun təmin edilməsi və digər mövzularda mühazirələr keçirilib, müzakirələr təşkil olunub. 

 

İştirakçıların ayrı-ayrı mövzularda hazırladıqları layihələrin qiymətləndirilməsi aparılıb, həmçinin onlara ixtisasartırma üzrə müvafiq sertifikatlar təqdim edilib.