“Tələbələr Azadlıq üçün” beynəlxalq Qeyri-Hökumət Təşkilatı (QHT) Azərbaycan-Fransız Universiteti (UFAZ) tələbələrini yeni yaradılan “Cənubi Qafqaz” adlı texnologiya və iqtisadi azadlıqla maraqlanan tələbə qrupuna qoşulmağa dəvət edib və seçim prosesinin bütün mərhələlərini uğurla keçən  tələbələr eyni adlı tədbirdə iştirak etmək hüququ qazanıb.    

 

UFAZ-dan bildirilib ki, “Tələbələr Azadlıq üçün” QHT-si Azərbaycanın bütün ən yaxşı universitetlərinə müraciət edib və  ölkəmizi təmsil edən 10 iştirakçıdan 7-si Azərbaycan-Fransız Universitetinin tələbəsidir. Tofiq Nazarbayev,  Eyvaz Əhmədzadə, Müzəffər Mustafayev, Asif Məmmədov, İlkin Səfərli, Vaqif Tağıyev, Fidan Quliyeva seçilmiş tələbələr sırasındadır.

 

Ümumilikdə tədbirdə Cənubi Qafqazdan (Azərbaycan, Gürcüstan və Ermənistan) otuz tələbə iştirak edəcək. Bu tələbələr arasından ən yaxşı 3 iştirakçı Almaniyanın Gummersbach şəhərində keçiriləcək IAF seminarına qatılmaq üçün seçiləcək.

 

Qeyd edək ki, “Tələbələr Azadlıq üçün” təşkilatının missiyası gələcək nəsil azadlıq liderlərini yetişdirmək, inkişaf etdirmək və gücləndirməkdir. Bu beynəlxalq təşkilat 2008-ci ildə qurulub. Həmin vaxtdan bəri müxtəlif proqramlar yerinə yetirir və  tələbə qrupları şəbəkəsi olan tam bir təşkilata çevrilib.