Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məzun koordinasiya və karyera bölməsinin müdiri Könül Əsgərova ali məktəbin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan 11 məzunundan biri olan Firdovsi Tahirovun ailəsini ziyarət edib.

 

Qeyd edək ki, F.Tahirov  2015-2019-cu illərdə ADPU-nun Tarix müəllimliyi ixtisası üzrə təhsil alıb. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb, 2020-ci il sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub.  Lerik rayonunun Dico kəndində dəfn edilib. Tələbəlik zamanından öz vətənpərvərliyi ilə seçilən şəhidimiz döyüşlərdəki xüsusi şücaətlərinə görə ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

 

Əslən Lerikin Dico kəndindən olan ailə hazırda Bakının Binə qəsəbəsində yaşayır. Ziyarət zamanı şəhidin ailəsi ilə həmsöhbət olan bölmə müdiri K.Əsgərova  şəhid atası Balaxan kişiyə universitet rəhbərliyi və elmi-pedaqoji heyət adından belə cəsur, nümunəvi övlad tərbiyə etdiyi üçün ehtiramını və təşəkkürünü bildirib.

 

Bölmə müdiri ADPU rəhbərliyi adından ailəyə maddi yardım təqdim edib.