Azərbaycan Texnologiya Universitetinin qida mühəndisliyi fakültəsində Üzümçülük və Şərabçılıq Elmi-tədqiqat İnstitutunun direktoru, aqrar elmlər doktoru, dosent Vüqar Səlimov, aparıcı elmi işçiləri Mövlud Hüseynov və  Nuriyyə Hüseynzadə ilə görüş keçirilib.

 

Görüşdə şərabçılıq üzrə milli brendlərin istehsalının gücləndirilməsində üzümün genetik ehtiyatlarının və texnoloji potensialının qiymətləndiriməsi, texniki üzüm sortlarının keyfiyyətinə təsir edən amillər, Qarabağ üzüm sortlarının və şərabçılığın inkişaf etdirilməsi mövzularında çıxışlar olub.

 

Qida məhsulları mühəndisliyi və Turizm və otelçilik ixtisaslarında təhsil alan tələbələrə Azərbaycanın milli üzüm sortlarının müasir ampelodeskriptorlar və molekulyar-genetik üsullarla öyrənilməsi, adıçəkilən Elmi Tədqiqat İnstitutunda yerli üzüm sortlarının qorunub saxlanılması, qiymətləndirilməsi, davamlı istifadəsi, geniş yayılması, təşviq edilməsi və s. istiqamətlərdə mütamadi olaraq həyata keçirilmiş tədqiqat işləri, əldə olunan materiallar əsasında üzüm sortlarının ampeloqrafik xüsusiyyətləri əks olunan kitablar haqqında məlumatlar verilib.

 

Həmçinin son illərdə üzüm genofondunun qorunub saxlanılmasında, mənşəyinin müəyyənləşdirilməsində, müasir üsullarla öyrənib qiymətləndirilməsində, identifikasiyasında beynəlxalq əməkdaşlıq çərçivəsində əlaqələrdən, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun yerli üzüm sort və formalarının  genetik müxtəlifliyinin müasir üsullarla (molekulyar-genetik, ampelo və fenotipik deskriptorlarla, biokimyəvi və s.) öyrənilməsi istiqamətində bir çox beynəlxalq təşkilat və xarici ölkə institutları ilə (Almaniyanın Geilweilerhof Üzümçülük İnstitutu, Bioversity İnternational, OIV, COST, İNRA, İtaliya Milan Universiteti və s.) elmi əməkdaşlığından bəhs olunub.

 

Beynəlxalq əməkdaşlıq çərçivəsində 2003-cü ildən başlayaraq, hal-hazırda ilkin olaraq yerli üzüm sortlarının mənşəyi, bir neçə səciyyəvi morfoloji əlamətləri əks olunmaqla Beynəlxalq VİVC (Vitis- International Variety Catalogue) üzüm məlumat bazasından istifadə etmək imkanları, Üzümün OİV protokolları üzrə ampelodeskriptor əlamətləri (rəqəmsal), üzümün bioloji, təsərrüfat-texnoloji xüsusiyyətləri barədə geniş informasiya auditoriyanın nəzərinə çatdırılıb.