Türkmənistanın Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri Məkan İsanquliyev Prezident yanında Dövlət İdarəçilik Akademiyasında olub.

 

Akademiyanın rektoru, akademik Urxan Ələkbərov səfirə ali məktəbin  fəaliyyəti haqqında məlumat verib.

 

U.Ələkbərov əsasını Ümummilli lider Heydər Əliyevin qoyduğu, ölkə Prezidenti  İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətlərə diqqət çəkib. Rektor Prezident İlham Əliyev tərəfindən işlənmiş və tətbiq edilmiş sinergetik, komplementar və kompensasion prinsip və yanaşmalar kompleksini ehtiva edən yeni dövlət idarəçiliyi texnologiyalarının ölkəmizin davamlı inklüziv inkişaf naminə resurslardan səmərəli istifadə sahəsində regional və qlobal liderə cevrilməsinə yol açdığını xüsusi vurğulayıb.

 

O, həmçinin Azərbaycanda tətbiq edilən innovativ idarəçilik texnologiyaları kompleksinin yüksək səmərəliliyinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin uğurla yerinə yetirilməsində və 30 il Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərin azad edilməsində təzahürünü tapdığını da xüsusi qeyd edib. U.Ələkbərov bu Zəfərin cəmi 44 günə başa gəlməsini və Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını ölkə Prezidentinin innovativ inkişaf strategiyasının təntənəli yekunu kimi dəyərləndirib.

 

Səfir isə öz növbəsində Azərbaycan və Türkmənistan arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində dostluq və qarşılıqlı anlaşma şəraitində inkişafından bəhs edib, ölkələrimiz arasındakı münasibətlərin etimada söykəndiyini vurğulayıb.

 

Görüşdə, eyni zamanda dövlət idarəçiliyi sahəsində təhsil verən anoloji akademiyaların qarşılıqlı fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.