Son illər Azərbaycan təhsil sistemində həyata keçirilən Dövlət proqramları dünya miqyasında ölkəmizin elm və təhsil sahəsində rəqabət qabiliyyətliliyinin gücləndirilməsinə xidmət edən yüksək intellektli, innovativ düşüncəli, tədqiqatçılıq bacarığına malik gənclərin formalaşmasına münbit şərait yaradıb. Belə gənc alimlərin yetişdirilməsində universitet, respublika və beynəlxalq miqyaslı fənn olimpiadalarının keçirilməsinin də xüsusi rolu və yeri vardır.

 

Cari ilin 6 aprel tarixində Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının Rusiya tərəfdən həmsədri olan Ufa Dövlət Neft Texniki Universitetində (UDNTU) “Texniki sistemlərdə avtomatlaşdırılmış idarəetmənin əsasları” mövzusunda iki mərhələli onlayn formatda ənənəvi IV Beynəlxalq fənn olimpiadası keçirilib.

 

Olimpiada  texnoloji proseslərin avtomatlaşdırılmasının əsasları, texniki sistemlərdə idarəetmə, ölçmə və telekommunikasiya sistemləri, ölçmənin metroloji təminatları kimi bir neçə geniş sahələri əhatə edib. Olimpiadaya Rusiya Federasiyasından 12, Qazaxıstandan 1, Çindən də 1 universitet olmaqla 80 komanda qatılıb.

 

Olimpiadada Assosiasiyanın Azərbaycan tərəfdən həmsədri olan Sumqayıt Dövlət Universitetinin tələbələri 2 komanda ilə iştirak ediblər.

 

Preseslərin avtomatlaşdırılması kafedrasının professoru Fazil Ələkbərli komandaların kuratoru olub.

 

Mühəndislik fakültəsinin tələbələri - Seymur Talıbov, Qüdrət Ağazadə, Vüsal Hacıyev, fizika və elektroenergetika fakültəsinin magistrantı Nicat Hüseynovdan ibarət 1-ci komandaya professor Cavanşir Məmmədov, fizika və elektroenergetika fakültəsinin tələbələri - İslam Əliyev, Ceyhun Əlizadə, Telman Hacıəliyev, Sarıya Kudiyevadan ibarət 2-ci komandaya isə dosent Turqay Hüseynov rəhbərlik edib.

 

Birinci komandanın işçi dili ingilis, ikinci komandanın işçi dili rus dili olub.

 

Professor Cavanşir Məmmədovun rəhbərlik etdiyi komanda III yerə, fərdi yarışlarda isə mühəndislik fakültəsinin II kurs tələbəsi Qüdrət Ağazadə mükafata layiq görülüb.