Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Kazan Dövlət Baytarlıq Akademiyası (KDBA) arasında baytarlıq sahəsində kadr hazırlığı və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üzrə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Görüşdə ADAU-nun rektoru, professor İbrahim Cəfərov çıxış edərək, ali məktəbin  maddi-texniki bazası, beynəlxalq əlaqələri və ikili diplom proqramları ilə bağlı iştirakçılara məlumat verib. Qeyd olunub ki, ikitərəfli əməkdaşlıq sahəsində imzalanmış müqavilə əsasında baytarlıq təhsili və elmi sahəsində universitetlərarası əlaqələr daha da inkişaf edəcək.

 

Kazan Dövlət Baytarlıq Akademiyasının rektoru, professor Rustəm Xametoviç Ravilov qarşılıqlı əməkdaşlıqdan məmnun olduğunu və imzalanmış müqavilənin vacibliyini bildirib.

 

Tədbirdə əlaqələrin qurulması üzrə koordinatorlar- K.Məmmədova, Q.İ.Fayziyeva, ADAU-nun tədris işləri üzrə prorektoru, dosent A.Hətəmov, KDBA-nın tədris-tərbiyə işləri üzrə prorektoru Ə.X.Volkov, ADAU-nun baytarlıq təbabəti fakültəsinin dekanı, professor F.Nəsibov, Kazan Dövlət Baytarlıq Akademiyasının baytarlıq fakültəsinin dekanı, baytarlıq üzrə elmlər doktoru D.N.Minqaleev və həmin fakültələrin əməkdaşları  iştirak ediblər.

 

Rektorlar ikitərəfli əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçiriləcək tədbirlərin bütövlükdə Kazan Dövlət Baytarlıq Akademiyası ilə ADAU arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə, baytarlıq sahəsində kadr hazırlığına və elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə töhfələr verəcəyini qeyd ediblər.