Azərbaycan Tibb Universitetinin I, II və III kurslarında təhsil alan tələbələrin aralıq qiymətləndirmə imtahanlarına start verilib.

 

Prosesin mayın 5-dək başa çatması nəzərdə tutulub. Bu barədə İmtahan Mərkəzinin müdiri, filiologiya üzrə fəlsəfə doktoru Ülkər Cəfərova məlumat verib. Bildirib ki, ötən il məlum pandemiya ilə əlaqədar olaraq istər tədris prosesinin gedişi, istərsə də imtahanların götürülməsi onlayn şəkildə aparılıb: “İstəsək də, istəməsək də biz ötən ildən başlayaraq pandemiyanın tətbiq olunan qaydalarına riayət etməli olmuşuq. Aralıq qiymətləndirmə universitetimizdə üçüncü tədris ilidir ki, tətbiq edilir. Bu ilin aprelindən imtahanlar yenidən İmtahan Mərkəzində götürülür. Ötən il aradan qaldırılan açıq suallar bu il yenidən imtahan suallarına əlavə olunub”.

 

Ü.Cəfərova əcnəbi tələbələrin mövcud durumlarının da nəzərə alındığını, pandemiya ilə əlaqədar imtahanların distant qaydada götürüldüyünü qeyd edib: “Elə fakültələr var ki, əcnəbi tələ­bələrin sayı yerli tələbələrə nisbətən üstünlük təşkil edir. Əczaçılıq fakültəsində vəziy­yət bu cürdür. Bu səbəbdən əcnəbilərin imtahanlarda canlı şəkildə iştirak etmək imkanlarının olmadığını nəzərə alıb adıçəkilən fakültənin tələbələrindən onlayn qaydada imtahan götürməli olduq”.

 

Ü.Cəfərova tələbələrin imtahan zalına buraxılmamışdan öncə hərarətlərinin yoxlanıldığını və zallarda pandemiya qaydasına uyğun  əyləşdirildiyini də diqqətə çatdırıb. O, imtahan prosesinin nəzarətçilərin müşaiyəti ilə obyektiv şəkildə aparıldığını söyləyib. Hərarəti olanların isə imtahana buraxılmadığını və onlar üçün onlayn şərait yaradıldığını deyib.