Bakı Dövlət Universitetində (BDU) kitabxanaçılıq-informasiya fakültəsinin və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin əsərlərindən ibarət bədii qiraət müsabiqəsinin yekunlarına həsr edilən onlayn tədbir keçirilib.

 

Professor-müəllim heyətinin, tələbələrin və qonaqların iştirakı ilə təşkil olunan  tədbirdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinin dahi şairin irsinə müxtəlif aspektlərdən yanaşılması baxımından böyük imkanlar yaratdığını bildirib. O, gənclər arasında bu cür müsabiqələrin təşkilinin xüsusi əhəmiyyətindən bəhs edib və müsabiqə qaliblərinə öncədən təbriklərini çatdırıb.

        

Sonra bədii qiraət müsabiqəsinin final mərhələsinə vəsiqə qazanmış 10 iştirakçının ifasında Nizami yaradıcılığından nümunələr dinlənilib. Müsabiqənin münsiflər heyətinin üzvləri - Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, ədəbiyyatşünas Əsəd Cahangir, BDU-nun kafedra müdiri Knyaz Aslan, şərqşünaslıq fakültəsinin dekan müavini Nigar İsmayılzadə və filologiya fakültəsinin dekan müavini Anar Fərəcov ifalara münasibətlərini bildirib, iştirakçıları müvafiq ballarla qiymətləndiriblər. Müsabiqənin yekunlarına əsasən, kitabxanaçılıq-informasiya fakültəsinin tələbələri- Nərgiz Həşimzadə 1-ci, Nilufər Qəhrəmanova 2-ci, Aysel Bayramova isə 3-cü yerə layiq görülüb.

 

 “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov BDU-nun “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlərdə xüsusilə fərqləndiyini, ali təhsil ocağının təşkilatçılığı ilə bu mövzuda konfransların, elmi seminarların və kütləvi tədbirlərin keçirilməsinin ictimaiyyət tərəfindən yüksək dəyərləndirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, qaliblərə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən pul mükafatı, diplom və digər hədiyyələr təqdim olunacaq.