Bəhram Bağırzadə: “Müəllimimiz bizim ikinci anamız olub”


Qəribə bir üstünlüyü var hamıdan. Qocalıb təqaüdə çıxanda belə, hamı onu adından çox istedadının, gəncliyinin qazandırdığı, sevimli, səmimi, yəqin həm də doğma təxəllüslə çağıracaq: “Bakılı oğlan”. Bəli, bu dəfə “Məktəb illəri”ndə Şən və Hazırcavablar Klubunun “Bakılı oğlanlar” komandasının ən sevilən simalarından biri Bəhram Bağırzadə ilə həmsöhbət olmuşuq. Görək  illər öncə necə məktəbli olub Bəhram. Onunla elə təhsil aldığı təhsil müəssisəsində, Bakı şəhər 189 nömrəli məktəbdə görüşdük.

 

- Bakılı oğlan necə məktəbli olub?

 

- Onu danışmazdan öncə bu layihədə məni unutmadığınız üçün yaradıcı heyətinizə təşəkkürümü bildirirəm. Qaldı necə oğlan idim, sualına, ordan başlayım ki, bu gün çox xoşbəxtəm. Ona görə ki, doğma məktəbimdə müsahibiniz olmaq nəsib olub. Bura direktorun kabinetidir, sizin qarşınızdakı oğlanı, yəni məni məktəb illərində dəcəlliyimə görə tez-tez bura gətiriblər.

 

- İndi necəsiniz? Dəcəllik çılğınlığa transfer olunub, ya...

 

- Yox, indi normal vətəndaşam. Oturmuşam məktəbimdə, sizinlə söhbət edirik. Amma bu divarlar məni yaxşı bilir...

 

- Bəlkə bir az da biz bilək...Yəni yaxşı mənada yenidən balacalaşıb, kiçilin təklifi də demək olar buna...

 

- Məktəbimizdən iki tin yuxarıda yaşayırdıq biz. Vidadi küçəsində, nənəmgildən gəlmişdim məktəbə. O gün bu gün kimi yadımdadır. Maraqlı məhləmiz var idi. Bir az aşağıda Araz Ağalarov yaşayırdı. İndi bizim Rusiyadakı nüfuzlu iş adamlarımızdandır. Sonra Çingiz Abdullayev, Aydın Qurbanov kimi tanınan simaların məhləsi idi Vidadi küçəsi həm də. Yəni hamımız bir məhəllənin uşaqları idik. O məhlədən 1979-cu ilin 1 sentyabrında atamla anam məni məktəbə gətirdi. Bir də məktəbə ilk gəlişim münasibəti ilə mənə bir hədiyyə alınmışdı, kiçik oyuncaq qayıq idi. Düz qırx il keçib üstündən, amma hələ də o oyuncaq yadımdan çıxmır. Bir də bugünkü kimi müəllimlərim yadımdadır.

 

- Kimləri xatırlayırsınız ilk müəllimlərdən?

 

- Nina Pavlovna heç unutmayacağım müəllimdir. Ona hələ bundan sonra da uzun ömür diləyirəm. İndi onun 80 yaşı var.

 

- Yanına gedirsinizmi?

 

- Əlbəttə, getməsəm olarmı? O bilirsinizmi kimlərə dərs deyən pedaqoqdur?

 

- Kimlərə?

 

- O, Azərbaycan Respublikasının ilk prezidenti Ayaz Mütəllibova dərs deyib, sonra milyonçumuz Araz Ağalarova, Xalq yazıçısı Çingiz Abdullayevə,  SOCAR-ın vitse-prezidenti Elşad Nəsirova. Görün bu pedaqoq nə nəsillər, nə şəxsiyyətlər yetişdirib illər boyu. Mən daxil demək olar ki, şagirdi olan hər kəs ona baş çəkir. Detallarına varmaq istəmirəm, o elə qadındır ki, biz ömrümüzün sonuna kimi Nina müəllimə baş çəkməyə, onun qarşısında insanlıq və şagirdlik vəzifəmizi yerinə yetirməyə borcluyuq. Çünki o bizim ikinci anamız olub.

 

- Məktəbinizin uşaqlarından danışdınız. Sinif uşaqları olaraq kim idiniz, necə idi münasibətləriniz?

 

- Özümdən başlayım, çox dəcəl oğlan olmuşam. Dəcəllik deyəndə ağlınıza nə gəlirsə, ondan da üstün olub dəcəlliyim. Bəlkə də elə məni dəcəlliyim gətirdi indi əldə elədiyim nəticələrə. Daha dəqiqi, dəcəlliyimi yaxşı yönəltməkdə mənə ata-anam, müəllimim, məktəbim və məhləmdəki mühit dəstək oldu.

 

- Dəcəl olub neynəmisiniz?

 

- Çox şey, lap çox. Sizinlə indi əyləşdiyimiz direktor kabineti mənim məktəb illərimdə kimya kabinetimiz olub.  Bu otaqda Leyla müəllimə dərs deyirdi bizə. Mən də üçüncü partada otururdum. 1987-ci ildə mən bax bu otağın pəncərəsindən iki mərtəbə aşağı düşüb, bayırda siqaret çəkib yenə də pəncərədən geri qayıtdım. Sizcə mən kim idim? İndi bunu sizə danışa bilirəm, amma o biriləri deyə bilmirəm. Mənim bütün müəllimlərim gözəl və istedadlı olub. O qadın mənim bu hərəkətimə mat qalmışdı. İndi köçüb Azərbaycandan, İsraildə yaşayır.

 

- Cəza aldınızmı? Bu sualı niyə verdiyimə də aydınlıq gətirim. Deməli, bu gün orta məktəblərdə müəllim şagirdi danladımı, böyük mübahisə yaranır...

 

- Əslində, belə olmalıdır, əgər problem yerində həll oluna bilərsə, o, ictimailəşməməlidir. Məsələn, mən öz övladlarımla bağlı müəllimlərə demişəm ki, bura uşaq girdisə, mən yoxam. Mən o zaman olacağam ki, sizin onlara verdiyiniz təhsilə qane olmayacağam.  Baxın, bir uşaq durub məktəbin pəncərəsindən iki mərtəbə aşağı enib siqaret çəkməyə gedirsə və kefi istəyəndə də qayıdıb gəlirsə, yəni mən özümdən sitat gətirirəm, mütləq cəza almalıdır, tədbir görülməlidir. Belə olmaz. Valideynlər də zəhmət çəkib bu işdə müəllimin yanında olmalıdırlar, qarşısında yox. Müəllimin qarşısında olmaqla onlar təkcə pedaqoqa ziyan vurmurlar, uşaqlarının da tərbiyəsinə mane olurlar. Qətiyyən yolverilməzdir.

 

Atam DİN-in polkovniki idi. Nazirliyin siyasi şöbəsinin rəis müavini idi. Yəni nüfuzlu zabit idi. Xidməti maşını var idi. O bizi bir dəfə də olsun xidməti maşını ilə məktəbə göndərmədi. Bu, bizim evdə qəti qadağan idi. Xidməti maşın xidmət sahəsinindir və işə görə ayrılıb, şəxsi deyil. Yəni olmaz, birmənalı. Ona görə də heç zaman xahiş də etməzdik ki, bizi maşınınla məktəbə apar.

 

- Necə gəlirdiniz məktəbə?

 

- Hər səhər yol haqqımızı hesablayıb verirdi. Göy Məscidin qarşısından 8 nömrəli trolleybusa minirdik bacımla, gəlirdik Basinə, ordan da minirdik 4 nömrəli trolleybusa, Hüsü Hacıyev küçəsində düşürdük, qalxırdıq məktəbə. Məktəbdən çıxanda da yenə marşrutla qayıdırdıq evə. DİN polkovnikinin uşaqları belə gedib-gəlirdi. İndi də bu cür olmalıdır.

 

- Sizin uşaqlarınız necə gedib-gəlir bəs?

 

- İndiyə qədər mənim nəzarətimdə gedib-gəlirdilər. İndi özləri, müstəqil, avtobusla. Gələcəkdə avtomobil alsalar, avtomobilləri ilə gedib-gələcəklər.

 

- Atanızın polis polkovniki olması sizə nədəsə kömək edibmi?

 

- Cəmi bir dəfə və bir məsələdə. Getdim yanına ki, ata, mənim bir az da xarakterimə uyğundur, istəyirəm polis məktəbinə gedim. Mənə çox ağır bir söz dedi, sonra da əlavə elədi ki, olmaz. İndi sevinirəm ki, qoymadı. Onda görə bilmirdim, amma o görmüşdü, məndən peşəkar polis ola bilməzdi. Bir gün də getdim dedim rejissor olmaq istəyirəm. Dedi get və ol, amma nə olursan ol, peşəkar ol, bacarıqsız olma. Heç zaman da işini yarımçıq qoyma. Onun bir sözü var idi, deyirdi evə pişik də alanda yaraşıqlı, sanballısını al, çirkinini alma.

 

- Məktəbdə oxuyanda siqaretə meyliniz olub, indi nə düşünürsünüz. Sizcə, bir məktəbli niyə ziyanlı nəyəsə meyil edir?

 

- Əslində, bu, hər şeyin ziyanını başa düşüb geri çəkilmək üçün bəlkə də lazımlıdır. Məsələn, mən indiki Bəhramın ağlı ilə ömründə siqaret çəkməzdim. Hətta xeyli zamandır tərgitmişəm. Mənə deyirlər siqareti atmısan. Deyirəm yox, canımı qurtarmışam onun əlindən.

 

- Sizin yaxşı yetişməyinizin bir səbəbi də “KVN”-dir...

 

- Yüzdə yüz. Həmid, Tural, Cabir, Vado, Tahir - biz bir məktəbin uşaqları idik. O zaman məktəblərdə çox yaxşı sistem var idi.  Adamlar, kontingent də fərqli idi. Üstəlik, müəllimlərin də peşə, şagird sevgisi var idi. Savadlı, istedadlı və şəxsiyyətli yetişdirirdilər uşaqları. Bu məktəbin onlarla istedadlı, tanınmış şagirdi var. Ceyhun Mirzəyev, Ramiz Fətəliyev də bu məktəbin şagirdləri idi. Bax “KVN” də belə yaranmışdı. İstedadlı uşaqları bir yerə yığıb, onların düzgün istiqamətləndirilməsi idi məqsəd. “KVN” deyə tanıdığınız uşaqların yarısı bizim məktəbdən idi, yarısı 160-dan. 23, 6, 20 nömrəli  məktəblərdən də uşaqlar var idi. Amma az idilər. 1987-ci ildə  “KVN”-də final görüşü idi. Rəhmətlik Anar Məmmədxanov 160 nömrəli məktəbin komanda kapitanı idi.  Ənvər, Timur, Cavid, Emil orda idilər. Bizdən Tahir, Cabir, mən, Nurlan, Vado.

 

- Murad Dadaşov nə zaman gəldi?

 

- O bizdən bir neçə yaş kiçik idi. İlk dəfə səhnəyə çıxanda 16 yaşı var idi Muradın, 160 nömrəli məktəbdə onuncu sinifdə oxuyurdu. Beləcə, Anar bizi yığdı bir yerə ki, kömək edək. Biz də elədik və alındı.

 

- Həmişə qalib gəlirdiniz demək olar. Bu nə idi, şans, yoxsa zəhmət?

 

- Nizam-intizam, məsuliyyət. Qalib olmaq istəyəndə, bu keyfiyyətlər mütləq olmalıdır. Əks halda mümkün deyil. Biz bu keyfiyyətləri aşıladığına görə Anara həmişə minnətdar olmalıyıq. O, kapitan olaraq bizdən həmişə məşqlərdə bunu tələb edirdi. Biz də əməl etməyə çalışmırdıq, mütləq əməl edirdik. Başqa yol yox idi. Sizə düzünü deyim, o yarışmada bizdən də istedadlı komandalar var idi, amma uduzurdular. Niyə? Məsuliyyət hissləri yox idi, çox əhlikef idilər.

 

- Sizcə, indi necədir durum, məsuliyyətliyikmi?

 

- Onu dəqiq demək olmaz, yanaşmalar fərdidir. Amma sizdən bir ricam var. Bunu Təhsil Nazirliyindən xahiş kimi də yaza bilərsiniz. Son zamanlar bir məsələ məni narahat edir. Düşünürəm bu məsələləri məktəbdən həll eləmək olar. Adamlar çox sərt və aqressivdir, eyni zamanda istiqamətlənə bilmirlər, mədəniyyətə, incəsənətə maraqları bir o qədər duyulmur.  Azərbaycan məktəblərində mümkün olsa, rəssamlıq dərsi fənn kimi tədris olunsun. Təkcə ibtidai siniflərdə yox, yuxarı siniflərdə də. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirən gənc rəssamlardan da kadr kimi istifadə etsinlər. Rəsm çəkən insan həndəsəni də, riyaziyyatı da gözəl bilir. Ən azından bu vacib elmlərə maraqları yaranır. Bundan başqa, onlar rəng duyumlu adamlar olurlar. Zövqləri formalaşır. Zövqü olan adamların geyimləri, davranışları da fərqli olur. Rəsmi sevən insan yaxşı arzular qurur, hətta onları həyata keçirməyin yollarını belə arayır. İşini sevgi ilə görür. Biz genetik istedadlı millətik. Biz bu bacarıqlarımızı bərpa etməliyik. Bir də əlavə məşğələ kimi şahmat dərsi keçilsin. Bu, insanın mənəviyyat və məntiqini formalaşdırır. Yəni nə ediriksə edək, təhsilə paralel şəxsiyyətlərin yetişdirilməsi üçün addımlar atmalıyıq. Milli xüsusiyyətlərimizi bilən, vətənini, millətini sevən şəxsiyyətlər yetişdirməliyik, yoxsa o qədər yaxşı olmaz işlərimiz. Amma bu sadaladıqlarımı edə bilsək, mütləq yaxşı nəticələrimiz olacaq.

 

SON: Onun dediyindən də gəlinməsi mümkün olan qənaət budur. İnsanı təkcə evi, valideyni, imkanları, əlaqələri yetişdirmir. Düşdüyü mühit, yaşadığı məhəllə formalaşdırır. O üzdən bizim sevimli “Bakılı oğlan” kimi bütün uşaqlara yaxşı məhəllə, mühit arzulayaq. Məhəlləmizi olmasa da, mühitimizi seçmək imkanı öz əlimizdədir çünki...

 

Jalə MÜTƏLLİMOVA

 

 

 

Bölmənin digər xəbərləri