Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümü münasibətilə "Gözlərə işıq verən zərif insan ömrü" mövzusunda tədbir keçirilib.

 

MEK-in direktoru, professor Məmməd Əliyev oftalmologiya sahəsində görkəmli alim, ictimai xadim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Zərifə Əliyevanın Azərbaycan üçün gördüyü misilsiz xidmətlərdən danışıb. Görkəmli alimin zəngin elmi irsinin bu gün də aktual olduğunu vurğulayan direktor Zərifə Əliyevanın elmi-pedoqoji-ictimai fəaliyyətinin yeni nəsil həkimlərin  yetişməsinə, Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini qeyd edib.

 

M.Əliyev bildirib ki, MEK-in fondlarında qorunan, Zərifə Əliyevanın zəngin elmi irsini özündə əks etdirən dəyərli kitablar bu sahənin mütəxəssislərinin, gələcəyin alimlərinin yararlandığı misilsiz töhfədir. "Zərifə xanım Heydər Əliyev kimi dahinin sədaqətli həyat yoldaşı, mənəvi dayağı və əsl dostu idi. O, Azərbaycana İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaq"- deyə professor  bildirib.

 

AMEA-nın vitese-prezidenti, akademik İradə Hüseynova elmi əsərləri ilə Azərbaycan oftalmologiya elmini inkişaf etdirən akademik Zərifə Əliyevanın əvəzsiz xidmətlərindən danışıb, onun traxoma xəstəliyinə qarşı mübarizə aparmasından, oftalmologiyanın aktual istiqamətlərindəki tədqiqatlarından bəhs edib.

 

AMEA Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov Zərifə Əliyevanı gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, fitri istedada malik novator alim kimi xarakterizə edib.

 

Tədbirdə MEK tərəfindən hazırlanan akademik Zərifə Əliyevaya həsr olunan "Gözlərə işıq verən zərif insan ömrü" adlı video nümayiş olunub.

 

Sonda MEK-in fondlarında görkəmli oftalmoloqa həsr olunmuş, həmçinin akademikin yazdığı elmi əsərlərdən ibarət sərgiyə baxış keçirilib.