Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İnstitutunun (İSİ) icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan “Elm və Texnologiya Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Zahir Nəsibov arasında görüş keçirilib.

 

Görüşün keçirilməsində məqsəd iki qurum arasında həyata keçiriləcək bir sıra elmi-texnoloji layihələrin müzakirəsi olub.

 

Ə.Sadıqov Azərbaycan elminin dünyada baş verən elmi-texnoloji proseslərdə aparıcı mövqe tutması üçün ölkəmizdə mühüm addımların atıldığını qeyd edib. O, bu prosesə AMEA tərəfindən böyük dəstək göstərildiyini, innovasiyayönümlü elmi-tədqiqat işlərinin nəticələrinin yüksək texnoloji məhsulların istehsalında tətbiqinə xüsusi əhəmiyyət verildiyini vurğulayıb.

 

Z.Nəsibov isə rəhbərlik etdiyi qurumun rezident olduğu YT Parkda müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya məhsullarının istehsalı, biliklərin kommersiyalaşdırılması istiqamətində onlara göstərilən dəstəkdən danışıb.

 

Sonda birgə yeni layihələrin yerinə yetirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

 

Qeyd edək ki, görüşdə İSİ-nin Kəsilməz proseslərin modelləşdirilməsi və idarə edilməsi laboratoriyasının müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Ədalət Paşayev və “Elm və Texnologiya Parkı” MMC-nin baş mütəxəssisi Nadir Babaxanov da iştirak ediblər.