Dövlət Gömrük Komitəsinin Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən tədbir keçirilib.

 

Əvvəlcə müasir Azərbaycanın memarı Heydər Əliyevin zəngin həyat yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, dahi şəxsiyyətin dövlətçilik üçün gördüyü işlərdən danışıb.

 

Böyük siyasi xadim Heydər Əliyevin zəngin irsinin gənc nəslə çatdırılmasına hər zaman ehtiyac duyulduğunu vurğulayan Q.Novruzov Gömrük Akademiyası tələbələrinin timsalında bütün gənclərin Heydər Əliyevin həyat yolunu, onun ideyalarını dərindən mənimsədiklərini və dahi şəxsiyyətin irsinin tələbə-gənclərə öyrədilməsinə akademiyada xüsusi diqqət yetirildiyini qeyd edib.

 

Akademiya rəisi Ulu öndərin ideyalarının, onun irsi, dövlətçilik ənənəsi, siyasi kursunun Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.

 

Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində əbədi iz buraxan nadir şəxsiyyət olduğunu deyib. Azərbaycanın müstəqilliyinin qorunmasının Ümummilli liderin adı ilə bağlı olduğunu diqqətə çatdıran Z.Səmədzadə Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən danışıb, “Əsrin müqaviləsi”nin imzalanmasına nail olduğunu, dövlət quruculuğunu həyata keçirdiyini, ölkədə daxili sabitliyi təmin etdiyini bildirib.

 

Akademikin sözlərinə görə, Ümummilli lider Azərbaycanı dünyaya tanıdıb, bütün beynəlxalq tribunalarda Azərbaycan həqiqətlərini bəyan edib,  güclü ordu və iqtisadiyyat yaradıb, ölkə iqtisadiyyatını gücləndirərək sosial problemlərin həllinə yönəldib, ölkədə güclü ordu quruculuğu prosesini həyata keçirib. Bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişaf etdiyini vurğulayan Z.Səmədzadə Ali Baş Komandanın qətiyyəti ilə şanlı Azərbaycan ordusunun işğalda olan torpaqları azad etdiyini diqqətə çatdırıb.

 

Tədbirin sonunda Ümummilli liderin 98-ci ildönümünə həsr olunan ədəbi-musiqili kompozisiya təqdim edilib.