Bu günlərdə Gəncə Dövlət Universitetinin Ümumi tarix kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Saidə İsmayılzadənin “Türk xalqları tarixi” (XVII-XIX əsrlər) adlı dərs vəsaiti işıq  üzü görüb. Dərs vəsaiti Türk xalqları tarixinin yeni dövrünün, inkişaf problemləri, bu xalqların etnogenez və milli təkamül prosesindən bəhs edilib. Vəsaitdə keçmiş SSRİ ərazisində, o cümlədən Çində yaşayan türk xalqlarının XVII -XIX əsrlərin birinci yarısındakı tarixi izlənilib və tələbələrə həmin dövrdə türk xalqlarının keçdikləri keşməkeşli, əzablı, eyni zamanda zəngin tarixi yol haqqında dolğun məlumatlar çatdırılır.

 

XVII-XIX əsrlər türk xalqlarının tarixində mühüm mərhələ hesab edilir. Belə ki, bu dövrdə türk xalqlarının bir hissəsi Rusiya imperiyasının tərkibinə daxil edilmişdir. Bundan başqa, Şərqi Türküstan ərazisində yaşayan türk xalqları isə Çindəki Tszin sülaləsi tərəfindən işğala məruz qalmışdır. XVII-XIX əsrlərdə Rusiya hakim dairələri türk xalqlarının müqavimətini qırmaq üçün onları müxtəlif formalarda etnik ayrı-seçkiliyə məruz qoymuş, eyni zamanda - assimilyasiya etməyə çalışmış, inzibati idarəçiliyin dəyişdirilməsi, türk xalqlarının məskunlaşdığı ərazilərə başqa xalqların köçürülməsi yolu ilə onların doğma dillərini, mədəniyyətlərini, dinlərini unutmaları üçün müxtəlif vasitələrə əl atmışlar. Lakin bütün siyasi, etnik və inzibati təzyiqlərə baxmayaraq həmin dövrdə Rusiya hakimiyyəti altında olan xalqlar öz mövcudluqlarını qoruyub saxlaya bilmiş, eyni zamanda müəyyən iqtisadi, ictimai, sosial və siyasi göstəricilərə də nail olmuşlar.

 

XIX əsrin əvvəllərində Rusiyada kapitalist münasibətlərinin inkişafı onun tərkibində olan başqa xalqların, o cümlədən türk xalqlarının inkişafında da yeni mərhələnin başlanmasına gətirib çıxarmışdır. Bu da türk xalqlarının vahid Ümumrusiya bazarına çıxmasına, eyni zamanda milli burjua sinfinin meydana gəlməsinə, türk xalqlarında son nəticədə öz tarixinə, mədəniyyətinə qayıdışa, milli dövlətçilik ideyalarının yenidən rəvac tapmasına gətirib çıxarmışdır.

 

Dərs vəsaitində türk xalqlarının tədqiq olunan  dövrdəki müstəmləkə zülmünə qarşı mübarizəsi, onların mədəniyyət məsələləri öz əksini tapmışdır. Vəsaitdə eyni zamanda Çinin türk xalqlarına qarşı apardığı müstəmləkəçilik siyasətinə dair xüsusi başlıq ayrılmışdır.

 

Niyazi RƏHİMOV