Azərbaycan Tibb Universitetinin (ATU) rektoru professor Gəray Gəraybəyli "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı ilə görüşüb.

 

Görüşdə qurumun ATU ilə əlaqələrinin perspektivləri, dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin qurulması, tələbə təşkilatları ilə birgə fəaliyyət imkanlarının müəyyən edilməsi kimi məsələlər müzakirə olunub.

 

N.Allahyarlı “Davam” Gənclər Hərəkatının 44 günlük Vətən müharibəsi günlərində bir qrup təşəbbüskar gənc tərəfindən yaradıldığını bildirib. Qeyd edib ki, təşkilatın məqsədi ictimai-siyasi proseslərdə aktiv rol almaq, gənclər və idman siyasətinə yeni, fərqli layihələrlə töhfə vermək, sosiallaşaraq böyümək və ətrafına daha çox gənc toplamaqla ölkəmizdə aparılan islahatlar prosesinə fayda verməkdir.

 

Hərəkatın mərkəzi ofisi olan Bakı Dayaq Mərkəzi ali təhsil müəssisələri ilə əməkdaşlıq edərək tələbələr arasında ideoloji işin təşkili, ictimai-siyasi həyatda fəal olan gənclərlə əlaqələrin qurulması və birgə fəaliyyət nəticəsində uğurlu işlərin görülməsini hədəfləyir.