Azərbaycan Texnologiya Universiteti (UTECA) işğaldan azad olunmuş torpaqların minalardan təmizlənməsi işlərinə dəstək göstərmək məqsədilə Minatəmizləmə Agentliyi ilə əməkdaşlığa başlayıb.

 

Bu çərçivədə ilk görüş Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin Göygöl Regional Təlim Mərkəzində baş tutub.

 

Universitetdən bildirilib ki, UTECA nümayəndələri işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənmə mexanizmi, istifadə edilən qurğular və onların iş prinsipi, ehtiyat hissələri, gedişat və tələbat kimi mövcud vəziyyətlə bağlı məlumatlandırılıb.

 

ANAMA-nın təlim və keyfiyyətə təminat söbəsinin baş mütəxəssisi Musa Məmmədov universitet əməkdaşlarını qurumun fəaliyyətilə yaxından tanış edib. Əməkdaşlıqda məqsəd ərazilərin minalardan təmizlənməsi işlərinə elmi töhfə vermək, prosesin iqtisadi cəhətdən səmərəliliyini nisbətən təmin etməkdir.