Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar Elmi Tədqiqat Müəssisəsinin gənc alimləri tərəfindən tibbdə, hərbi kəşfiyyatda, uzunmüddətli səyahətlərdə və s. istifadə olunan bir çox daşına bilən elektron cihazların uzunmüddətli və effektiv işləməsini təmin edən yeni növ qidalandırma mənbələri - miniatür triboelektrik generator (TEG) hazırlanıb.

 

Universitetdən bildirilib ki, hazırlanmış TEG elektrik enerjisini generasiya edən digər sistemlərlə müqayisədə sadə iş mexanizmi, miniatürlüyü, çevikliyi və maya dəyəri baxımından daha ucuz olması ilə fərqlənir. TEG mexaniki, külək, su dalğaları və s. kimi enerji mənbələrindən elektrik enerjisi əldə etməyə kömək göstərir. Gənc tədqiqatçılar tərəfindən “Scotch yoke” (dairəvi hərəkəti düzxətli hərəkətə çevirən qurğudur) əsasında külək enerjisini generasiya edən TEG yaradılıb və çeviricilik qabiliyyəti yoxlanılıb. Miniatür qurğu 5 V gərginlik, 6.5 nA cərəyan və 0.3 mkVt orta çıxış gücü əldə etməyə imkan verir.