Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbə təşəbbüslərini dəstəkləmək, bu yöndə modern təcrübəni tətbiq etmək məqsədilə yeni layihəyə start verilib.

 

Layihənin təşkilatçıları UNEC Karyera Mərkəzi və rəqəmsal iqtisadiyyat fakültəsinin İnformasiya texnologiyaları ixtisası nəzdində fəaliyyət göstərən “UNEC Future Club”dur.

 

Universitetdən bildirilib ki, layihə çərçivəsində informasiya texnologiyaları ixtisasında təhsil alan tələbələrə beynəlxalq İT şirkətləri ilə kommunikasiya qurmaq və təcrübə mübadiləsi aparmaq imkanları yaradılacaq.

 

Bu məqsədlə İT ixtisası üzrə təhsil alan tələbələrlə İT sahəsi üzrə mütəxəssis Vüsal Dadalovun onlayn görüşü keçirilib. Vebinarda “UNEC Future Club”un koordinatoru Murad Ələsgərli layihə barədə məlumat verib. Bildirib ki, layihənin ilkin mərhələsində tələbələrin İT sahəsində uğurlu karyera quran, beynəlxalq şirkətlərdə çalışan şəxslərlə görüşləri keçiriləcək, növbəti mərhələlərdə isə beynəlxalq İT şirkətləri ilə təcrübə mübadiləsi təşkil olunacaq.

 

Sonra V.Dadalov çalışdığı şirkətlərin və qurucusu olduğu beynəlxalq “İOMETE” şirkətinin iş təcrübəsi barədə məlumat verib.

 

Vebinarda tələbələri maraqlandıran suallar cavablandırılıb.