Dövlət Gömrük Komitəsinin Akademiyası Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” devizi altında keçirilən Respublika baxış-müsabiqəsinin qalibi olub.

 

Bu münasibətlə keçirilən tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri Səfər İbrahimov və digər rəsmi şəxslər, həmçinin akademiya əməkdaşları iştirak ediblər.

 

Q.Novruzov bildirib ki, bu qalibiyyət həm də bir məsuliyyətdir. O, akademiyada daim, o cümlədən pandemiya dövründə əməkdaşlar üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edib. 2018-ci ildən Dövlət Gömrük Komitəsi tərəfindən aparılan intensiv islahatlardan söz açan akademiya rəisi son illər görülən işlərə nəzər salaraq, əldə olunan uğurları islahatların nəticəsi kimi qiymətləndirib.

 

Q.Novruzov akademiyada onlayn tədrisin yüksək səviyyədə təşkilindən danışıb, gömrük xidməti əməkdaşları üçün təlimlərin təşkilinə də toxunub. Akademiya tələbələrinin gələcəkdə əmək bazarında rəqabətə davam gətirəcək səriştəli, təcrübəli mütəxəssislər kimi yetişdirildiyini deyib. Həmçinin akademiyanın keyfiyyətin idarə edilməsi üzrə beynəlxalq İSO standartlarının tətbiq olunması üçün beynəlxalq keyfiyyət standartını əldə etdiyini bildirərək, bu sahədə Türk Standartları İnstitutu ilə akademiyanın əməkdaşlığını vurğulayıb.  

 

Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri Səfər İbrahimov akademiyada əməyin mühafizəsi, təminatı, əmək şəraitinə, təhlükəsizlik qaydalarının tədrisinə, tətbiqinə və təlimatlandırmaya qayğının yüksək səviyyədə olduğunu, akademiyanın respublika üzrə 1700 müəssisə içərisindən seçilərək,  37 qalib müəssisədən biri, həmçinin gömrük orqanları arasında ilk olduğunu deyib.

 

Tədbirin sonunda Fəxri diplom və xatirə hədiyyəsi təqdim edilib.