Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) yeni internet saytının təqdimatı olub.

 

Azərbaycan, rus və ingilis dilləri ilə yanaşı, müvafiq proqram vasitəsilə alman, fransız, ispan, italyan, Çin, ərəb dillərinə çevrilən sayt universitet həyatının bütün sahələrini, o cümlədən təhsil müəssisəsi haqqında məlumat, tələbə qəbulu, təhsil, elmi-tədqiqat, beynəlxalq əlaqələr, tələbə həyatı, təcrübə və karyera bölmələrini əhatə edir.

 

Universitetdə təhsil imkanları barədə abituriyentlərə geniş məlumat vermək məqsədilə dövlət sifarişli ixtisaslar, ikili diplom proqramları, təqaüdlər, əcnəbi tələbələrin təhsili kimi bölmələr yer alıb. Universitetin beynəlxalq əlaqələrinin inkişafının müasir vəziyyətini nəzərə alaraq müvafiq bölmədə mübadilə proqramları, xarici dillərdə ixtisaslar, ikili diplom proqramları, qəbul qaydaları, əcnəbi tələbələrin asudə vaxtına dair məlumatlar əksini tapıb, onlayn müraciət imkanları yaradılıb.
 

Universitetin idarə edilməsində tələbələrin fikir və rəylərinin daim diqqət mərkəzində saxlanılması ilə əlaqədar olaraq tələbə həyatı bölməsində tələbə məmnunluq soğrusu, ideya bankı, Aqrar İnkişaf Könüllüləri və digər tələbə təşkilatlarının fəaliyyəti, habelə karyera, tələbələrin asudə vaxtının təşkili məsələləri öz əksini tapıb. Həmçinin universitet-sənaye əməkdaşlığı, ADAU-TV, kitabxana, tədris və elmi-tədqiqat mərkəzləri, laboratoriyalar, muzeylər, tələbə evləri, tədris-təcrübə təsərrüfatı, klinikalar, fermerlər üçün aqrar məsləhət xidməti və digər məlumatlar da yer alıb.
 

Diqqəti cəlb edən məqamlardan biri də ayrı-ayrılıqda hər bir fakültənin internet saytının, kafedralar haqqında məlumatların, habelə professor-müəllim heyətinin müvafiq dillərdə tərcümeyi-hallarının mövcudluğudur ki, bu da fakültə və kafedralar səviyyəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir.