Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) yay imtahan sessiyası öncəsi tələbələrlə onlayn görüşlərə başlanılıb.

 

Görüşlərin keçirilməsində məqsəd cari semestrdə ADPU-da tətbiq edilən onlayn-şifahi imtahan forması ilə bağlı tələbələrə daha detallı izahat vermək, onların problemlərini dinləmək və suallarını cavablandırmaq, ümumən imtahan sessiyasına hazırlıq, İKT ilə bağlı texniki məsələlər və cari tədris semestrinin yekunlaşdırılması, yekun dövlət attestasiyası, buraxılış işləri, o cümlədən sosial həssas qrupa aid tələbələrin təhsil haqlarının ödənilməsi və s. məsələlərin aydınlaşdırılmasıdır.

 

Görüşlərdə universitetin tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov imtahanların təşkili qaydaları ilə bağlı ətraflı çıxış edib. O, çıxışında ADPU-da cari semestrdə tətbiq edilən onlayn-şifahi imtahan modelinin özəlliklərindən söz açaraq bu modelin mövcud pandemiya şəraiti və tələbələrin keyfiyyətli təhsil almaq,  şəffaf qiymətləndirmə imkanlarını reallaşdırmaq baxımından hazırda ən uyğun variantlardan biri olduğunu bildirib.

 

Görüşlərdə sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev və müvafiq fakültə dekanları da tələbələrə öz tövsiyələrini veriblər.

 

Qeyd edək ki, artıq məktəbəqədər təhsil, tarix və coğrafiya, filologiya və riyaziyyat fakültələrinin 2000-dək tələbəsi ilə görüş keçirilib. Növbəti günlərdə digər fakültələrin tələbələri ilə də görüşlər təşkil ediləcək. Həmçinin ADPU-nun Quba, Şamaxı, Şəki, Ağcabədi və Cəlilabad filiallarının əməkdaş və tələbələri ilə də belə görüşlərin keçirilməsi nəzərdə tutulur.