Sumqayıt Dövlət Universiteti (SDU) ilə Azərbaycan Bank Tədris Mərkəzi  arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

 

Universitetin rektoru, professor Elxan Hüseynov SDU və Azərbaycan Bank Tədris Mərkəzi arasında səmərəli əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə edib, rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verib.

 

Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev görüşün əhəmiyyətindən, qarşılıqlı maraq doğuran məsələlərdən danışıb. Qeyd edib ki, “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə” Dövlət Proqramının icrası üzrə Tədbirlər Planına uyğun olaraq “Orta ixtisas təhsili və ali təhsil müəssisələrinin tələbələrinə rəqəmsal ödənişlər və onların üstünlüklərinə dair müxtəlif maarifləndirici seminar və təlimlərin təşkil olunması” tədbirləri çərçivəsində SDU-nun İqtisadiyyat kafedrasının, Mərkəzi Bankın, Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı ilə iqtisad ixtisaslı tələbələr və professor-müəllim, tədris-köməkçi heyət üçün təlimlər təşkil olunub. Təlimlərə, ümumilikdə 193 tələbə, 48 müəllim və əməkdaş cəlb olunub.

 

Keçirilmiş təlimlər çərçivəsində tərəflər arasında yeni perspektivlərin müzakirəsi aparılıb, gələcəkdə reallaşacaq birgə layihələrin hüquqi bazasının yaradılmasının vacibliyi vurğulanıb. Mərkəz rəhbəri bildirib ki, müqavilə hər iki qurum arasında birgə kadr hazırlığının aparılmasına, elmi və maddi-texniki potensialdan qarşılıqlı istifadə etməklə əməkdaşların və tələbələrin nəzəri, təcrübi biliklərinin artırılmasına xidmət edəcək.

 

Qeyd edək ki, müqavilədə SDU ilə Mərkəz arasında maliyyə və bank sahəsində peşəkar mütəxəssislərin hazırlanması prosesində qarşılıqlı əməkdaşlığın təşkili, hər iki tərəfin elmi-tədqiqat və tədris bazalarının yaradılması, iqtisadiyyatın müxtəlif sahələrində tərəflərin mənafeləri gözlənilməklə elmi- tədqiqat işləri ilə bağlı əməkdaşlığın inkişafı, müvafiq ixtisaslar üzrə bakalavr səviyyəsində təhsil alanların istehsalat, magistrantların isə elmi-tədqiqat təcrübələrinin təşkili, tərəflərin təşkil etdiyi elmi, elmi-praktik konfrans, digər tədbirlərdə birgə iştirakının təmin edilməsi və s. məsələlər nəzərdə tutulub.