Azərbaycan Dillər Universitetində (ADU) Pakistan Dil və Mədəniyyət Mərkəzi açılacaq.

 

Universitetdən  bildirilib ki, hazırda mərkəzin açılması ilə bağlı hazırlıq işləri gedir. Bu ilin mart ayında ADU-nun rektoru, akademik Kamal Abdulla ilə Pakistanın ölkəmizdəki səfiri Bilal Hayee arasında keçirilən  görüşdə bu istiqamətdə arzular dilə gətirilmiş, səfir Pakistan Dil və Mədəniyyət Mərkəzinin açılmasını yüksək qiymətləndirərək,  iki ölkə arasında siyasi münasibətlərin çox yüksək səviyyədə olduğunu,  ADU-da urdu dilinin tədrisinin xalqları bir-birinə daha da yaxınlaşdıracağını vurğulamışdı.

  

Universitetin geniş auditoriyalarından biri açılışına hazırlıq görülən mərkəz üçün ayrılıb, Pakistanın ölkəmizdəki səfirliyi və ADU əməkdaşlarından ibarət birgə komissiya yaradılıb. Mərkəz Pakistanın Azərbaycanda ilk mədəni məkanı olacaq.

 

Pakistan Dil və Mədəniyyət Mərkəzinin təqdimat mərasimindən sonra  Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin Pakistanın ən böyük universitetlərindən biri olan Kəraçi Universitetində açılması planlaşdırılır.

 

Qeyd edək ki, ADU-da 20-ə yaxın dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir, 20 xarici dil isə böyük uğurla tədris olunur.