Naxçıvan Dövlət Universitetində 26 İyun – Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov iştirakçıları bayram münasibəti ilə təbrik edib və ölkəmizdə güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının ümummilli liderin adı ilə bağlı olduğunu bildirib. Rektor qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib və hər an düşmənə layiqli cavab vermək əzmindədir.

 

“Çağırışaqədərki hazırlıq və mülki müdafiə” kafedrasının müdiri Oqtay Rzayev vurğulayıb ki, ölkədə peşəkar ordu quruculuğunun əsası 1993-cü ilin sonlarında qoyulub. Ordu quruculuğu sahəsində ulu öndərin strateji siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin fərman və sərəncamları ilə ölkədə müasir hərbi sənaye kompleksinin yaradılması, silahlı qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi prosesi uğurla həyata keçirilir. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində düşmənə ağır zərbələr endirib, Silahlı Qüvvələrimizin gücü Ermənistana və dünyaya nümayiş olunub. Mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklərin Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi əməliyyat nəticəsində işğaldan azad edilməsi iyunun 26-da yaranmasının 100 illiyi tamam olan Azərbaycan Silahlı Qüvvələri gününə bir töhfə olaraq dəyərləndirilib.