Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) və Naxçıvan Müəllimlər İnstitutunda (NMİ) universitetlərarası əməkdaşlığın və innovativ təhsilin yeni bir modeli  tətbiq edilib.

 

ADPU-nun kimya və biologiya fakültəsinin Biologiya və onun tədrisi texnologiyası kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Gülşən Hacıyevanın və NMİ-nin təbiət və incəsənət  fakültəsinin Ümumi fənlər kafedrasının baş müəllimi,  biologiya üzrə fəlsəfə doktoru Lamiyə Quliyevanın birlikdə təşkil etdikləri  telekörpü üsulu ilə universitetlərarası “Blok dərs” maraq doğurub.

 

“Biologiyanın tədrisi metodikası” fənnindən “Fəal dərsin mərhələləri” mövzusunda keçirilən “Blok dərs” zamanı hər iki təhsil müəssisəsinin Biologiya müəllimliyi ixtisası üzrə təhsil alan tələbələri öncə fəal təlimin nəzəri əsasları, elmi-metodiki səciyyəsi və əhəmiyyəti  barədə dosent G.Hacıyevanın çıxışını dinləyiblər.

 

Biologiya müəllimi L.Quliyeva isə bu təlimin praktik tətbiqini, istifadə olunan tədris resurslarını və metodlarını nümayiş etdirib.

 

Daha sonra yeni tədris modeli barədə müəllimlərin və tələbələrin iştirakı ilə müzakirələr aparılıb. Çıxış  edənlər ölkəmizin müxtəlif təhsil müəssisələri arasında qabaqcıl təcrübənin mübadiləsinə, tələbələrin fəallığına və ölkənin elmi-pedaqoji potensialından daha dərindən yararlanmasına geniş imkanlar açan bu dərs modelinin mühüm rolunu qeyd ediblər.