Bakı Dövlət Universitetində (BDU) tələbə və məzunların karyeralarını inkişaf etdirmələri, əmək fəaliyyətinə hazırlanmaları, ixtisaslarına uyğun iş tapmaları və uğur əldə etmələri istiqamətində tədbirlər görülür. Bu məqsədlə “AzerGold” QSC-nin müvafiq əməkdaşları tərəfindən universitetin bakalavriat səviyyəsinin III və IV kursunda təhsil alan tələbələr üçün  “Universitetdən karyeraya uğurlu keçid” adlı seminar keçirilib.

 

Seminarda  BDU ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetində Dağ-mədən mühəndisliyi, Geologiya, Coğrafiya və İnşaat mühəndisliyi ixtisaslarında təhsil alan tələbələr iştirak ediblər.

 

“AzerGold” QSC-nin İnsan resurslarının idarəolunması şöbəsinin Təşkilati inkişaf sektorunun baş mütəxəssisi Valid Əliyev  “Gündəlik həyatımızdan gələcək hədəflərimizə doğru” adlı çıxışında gənclərin öz istəyinə çatması üçün atılacaq addımlardan danışıb. Karyera planlamasında vacib olan şəxsi profillərin və CV-nin tərtib olunması, beynəlxalq standartlara uyğunlaşdırılması, iş axtarışı və məlumat kanallarının tapılması, müsahibə mərhələsində tələbənin məlumatlandırılması, işəgötürən tərəfindən müsahibəyə çağırıldıqda davranış qaydaları barədə məlumat verib.

 

Sonda iştirakçıların sualları cavablandırılıb.