Azərbaycanda ilk dəfə olaraq Bakı Ali Neft Məktəbində (BANM) British Council-un tərəfdaşı olduğu Beynəlxalq Sertifikatlı Mühasiblər Birliyinin (Association of Chartered Certified Accountants - ACCA HUB mərkəzi) yeni mərkəzinin açılışı olub.

 

Neft Məktəbindən bildirilib ki, dünyada fəaliyyət göstərən ACCA HUB mərkəzlərinin sayı 4-dür, 5-ci mərkəz məhz BANM-də yaradılıb və ən unikal mərkəz hesab olunur.  Digər mərkəzlərdən fərqli olaraq burada yalnız ingilis dilində ACCA imtahanları deyil, həm də rus dilindəki ACCA imtahanlarına da nəzarət olunacaq. BANM-də yaradılan mərkəz fəaliyyətinə 7-11 iyun tarixlərində başlayacaq və təxminən 2000-dən çox insan onlayn imtahanda iştirak edəcək.

 

Sözügedən mərkəz hazırda ACCA üçün nəzərdə tutulsa da, önümüzdəki aylarda digər beynəlxalq imtahanların da keçirilməsi üçün istifadə oluna bilər.

 

Açılış mərasimində BANM-in rektoru Elmar Qasımov, Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli,  British Council Azərbaycanın ölkə üzrə rəhbəri Samr Şah, ali məktəbin müəllim və tələbələri, KİV nümayəndələri iştirak ediblər.

 

Qeyd edək ki, ACCA (Association of Chartered Certified Accountants- Beynəlxalq Sertifikatlı Mühasiblər Birliyi) dünyanın ən sürətli inkişaf edən mühasiblər qurumudur və British Council ilə 30 ildən artıqdır tərəfdaşdır. İlin hər rübündə British Council imtahan mərkəzlərində 200000-dən çox insan bu imtahanlarda iştirak edir və peşəkarlıqlarını daha da artırırlar.  ACCA pandemiya dövründə hər kəsin peşəkar inkişaf prosesinin davamlı olması üçün əlindən gələni edir və artıq 130 ölkədə bu imtahanı vermək istəyən insanlar üçün imtahan mərkəzi rolu oynayır və ya evlərində bunu həyata keçirməyi mümkün edir. British Council-ın təklif etdiyi onlayn nəzarət sistemi ilə hazırda eyni vaxtda yüzlərlə insanı evlərində imtahan etmək mümkündür.

 

İmtahanlar ildə 4 dəfə (mart, iyun, sentyabr və dekabr) və hər dəfə 5 gün olmaqla bütün saat qurşaqlarını əhatə edən  mərkəzlər tərəfindən idarə olunur. Bu onlayn platforma məlumat gizliliyini qorumaq üçün bütün tələblərə cavab verir.