Bakı Slavyan Universitetində (BSU) ali təhsil müəssisəsi rəhbərliyinin dəstəyi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 28 May-Respublika Gününə həsr olunan "Şərqdə doğan ilk Cümhuriyyət Günəşi" adlı dəyirmi masa keçirilib.

 

BSU-nun  tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını ölkəmizin həyatında böyük tarixi hadisə adlandırıb. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarıb və milli dövlətçilik ənənələrimizin zənginləşməsində mühüm rol oynayıb:”Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlament tipli respublika idi. O, öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Azərbaycanın dövlət sərhədləri müəyyənləşdirilib, dövlət bayrağı, himni və gerbi qəbul edilib, Ana dilimiz dövlət dili elan edilib, ordu quruculuğu sahəsində ciddi tədbirlər reallaşdırılıb, elm və təhsilin, mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib. Azərbaycanın ilk dünyəvi ali təhsil müəssisəsi olan Bakı Dövlət Universiteti təsis edilib, təhsil sahəsi milliləşdirilib və xalqımızın sonrakı illərdə elmi-mədəni yüksəlişi üçün zəmin hazırlayan sanballı işlər görülüb”.

 

Prorektor Cümhuriyyətin xarici hərbi müdaxilə nəticəsində süquta uğradığına toxunub, bugünkü müstəqil Azərbaycanı Xalq Cümhuriyyətinin varisi və Ümummilli lider Heydər Əliyevin şah əsəri adlandırıb.

 

X.Sultanova Prezident İlham Əliyevin  Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, Cümhuriyyət liderlərinin xatirəsinə hər zaman böyük diqqət və hörmətlə yanaşdığını qeyd edib.

 

Dəyirmi masada THİK-in pedaqoji fakültə üzrə sədri Aygün Hüseynova Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı slayd təqdim edib.

 

Dəyirmi masa müəllim və tələbə-gənclərin  Azərbaycan Xalq Cümhuriyyəti haqqında  fikir və mülahizələri ilə başa çatıb.