Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı Filialında Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş “Nizami Gəncəvinin sənət dünyası” adlı onlayn elmi-praktik konfrans keçirilib.

 

Filialın direktoru, dosent Tünzalə Yusifova Nizami Gəncəvinin bəşəri ideyalar təbliğ edən yaradıcılığından, dövlətin maddi və mənəvi dəyərlərin qorunub saxlanması yolundakı tarixi xidmətlərindən, Ümummilli lider Heydər Əliyev və onun layiqli siyasi varisi, Prezident İlham Əliyevin bu sahədə misilsiz fəaliyyətindən bəhs edib.

 

Filialın Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyevin moderatorluğu ilə  keçən konfransa dəvət olunmuş Azərbaycan Musiqi Akademiyasının Humanitar fənlər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyev    “Nizami Gəncəvi poemalarının vəzni”, Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru, professor Əlizadə Əsgərli  “Nizami Gəncəvi yaradıcılığı Xəlil Rza Ulutürkün tərcümələrində”, filialın Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimləri - Rima Quliyeva “Nizami Gəncəvi yaradıcılığında humanizm prinsiplərinin bədii ifadəsi”, Sabir İbrahimov isə “Nizami irsi ingilis ədəbiyyatşünaslığında”  mövzularında  çıxış ediblər.

 

Filialın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II tədris ili tələbələri Şəfaqət Abdullazadə, Narınc Cəbrayılova və Nəsimi Mustafayev dahi şairin lirikasından qəzəllər  söyləyiblər.