Bakı Slavyan Universitetində (BSU) yaz semestrinin yay imtahan sessiyasına start verilir. 1 iyun-3 iyul tarixlərini əhatə edən imtahanlar distant formada keçirilir.  

 

Universitetdən bildirilib ki, xüsusi karantin rejimi şəraitində təşkil olunan və keçirilən yaz semestrinin imtahan sessiyası üzrə təhsilalanların cari və aralıq qiymətləndirilməsi zamanı BSU-nun Elmi Şurasının qərarı ilə  tələbələr üçün güzəştlərin tətbiq edilməsi nəzərdə tutulur. Belə ki, həmin güzəştlərə universitetlərdə xüsusi karantin rejiminin tətbiqi və bölgələrdən distant təhsilə qoşulmaq imkanları nəzərə alınaraq dərslərdə iştiraka görə davamiyyət limitinin 25 %-dən 50 %-dək artırılması, yaz semestrinin imtahan sessiyası müddətində fərdi və alt qruplarda fənni təkrar dinləmədən akademik borclarını ləğv  etmiş və Yekun Dövlət Attestasiyası öncəsi 3 akademik borcu qalmış sonuncu tədris ili tələbələrinə bu borcların Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) əsasında bağışlanılması, sonuncu tədris ili tələbələrinin pedaqoji və istehsalat təcrübəsi üzrə attestasiyadan azad olunması, təcrübənin nəticələrinin qiymətləndirilməsinin ÜOMG əsasında aparılması, ÜOMG göstəriciləri aşağı olan tələbələrin təcrübə üzrə ballarının 51 bal hesab edilməsi, sonuncu tədris ili tələbələrinin ÜOMG əsasında  "Tibbi biliklərin əsasları" fənni üzrə buraxılış imtahanından azad olunması daxildir.

 

İxtisas fənlərinin məzmun və xüsusiyyətlərindən asılı olaraq Jurnalistika, Tərcümə və İbtidai sinif müəllimliyi ixtisaslarında şifahi imtahanlarla yanaşı, yazılı imtahanların təşkil edilməsi müəyyən olunub. Həmçinin yaz semestrinin imtahan sessiyasının təşkilinə və gedişinə nəzarəti həyata keçirmək, yarana biləcək münaqişə və şikayətlərin yerində çevik həllini təmin etmək məqsədilə universitet rəhbərliyinin, müvafiq strukturların məsul şəxslərinin, bu ali təhsil müəssisəsində fəaliyyət göstərən Valideyn Şurasının, tələbə ictimai təşkilatlarının, Mətbuat və informasiya şöbəsi nümayəndələrindən ibarət 11 nəfərlik İmtahan Qərargahı yaradılıb.

 

Sessiya müddətində İmtahan Qərargahına edilən müraciətlər onlayn rejimdə araşdırılacaq. Ehtiyac yarandığı halda müvafiq sanitar-epidemioloji tələblər gözlənilməklə iddiaçıların apelyasiyaya ənənəvi qaydada dəvət olunmaları, imtahan nəticələrindən, o cümlədən ÜOMG əsasında qeyri-ixtisas fənləri üzrə qiymətləndirmədən narazı qalan tələbələrin onlayn şəkildə dindirilməsi məqsədilə universitetdə Apelyasiya Komissiyası yaradılacaq.

 

İmtahan sessiyası dövründə tələbələrə əvvəlki imtahan sessiyalarından qalan kredit borclarını fənni (fənləri) təkrar dinləmədən ləğv etmək, cari imtahan sessiyası üzrə yaranmış kredit borclarını  fənni (fənləri) təkrar dinləmədən aradan qaldırılmasına 3-5 iyul 2021-ci il tarixlərində şərait yaradılması, kredit borclarını fənni (fənləri) təkrar dinləmədən ləğv etmək arzusunda olan tələbələr imtahan nəticələrindən narazı qaldıqları halda, onlara Apelyasiya Komissiyasına distant və ya əyani şəkildə müraciət etmək imkanı yaradılacaq.

 

İmtahanların təşkili və keçirilməsi üçün tərkibinə BSU-nun kafedralarının müəllimlərinin, aidiyyəti strukturlarının və tədris-mədəniyyət mərkəzlərinin məsul şəxslərinin, mütəxəssislərin, metodistlərin daxil edildiyi 8 nəfərdən ibarət texniki dəstək qrupu yaradılıb.

 

Microsoft Teams platforması vasitəsilə keçirilən yaz semestrinin imtahan sessiyasında, ümumilikdə universitetin təxminən 4500-ə yaxın tələbəsinin iştirakı nəzərdə tutulub.