WorldSkills Azerbaijan platformasının təşkilatçılığı ilə peşə təhsil müəssisələri arasında “Bacarıqlı ol!- Milli irsimizi yaşat!” adlı xalçaçılıq müsabiqəsi keçirilib.

 

Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan xalq tətbiqi sənətinin bir qolu olan xalçaçılığa gənclərin marağını artırmaq və sözügedən ixtisasın inkişafına töhfə verməkdən ibarət olub.

 

Aprel-may ayları ərzində davam edən müsabiqə çərçivəsində sözügedən ixtisasın tədris olunduğu 16 peşə təhsil müəssisəsindən 50-yə yaxın xalçaçı gənc “Qarabağ”, “Milli irsimiz” və “Əyalətim” adlı üç kateqoriya üzrə hazırladıqları xalçaları təşkilatçılara təqdim edib. Müsabiqə çərçivəsində hazırlanan xalçaların qiymətləndirilməsi hər kateqoriya üzrə eskizlərə uyğun olaraq təcrübəli münsiflər tərəfindən aparılıb. Münsiflər heyəti əl işlərini toxuma texnologiyası, istifadə olunmuş sapların keyfiyyəti, ilmələrin sıxlığı, naxışların aydınlığı, rəng çalarlarının ahəngi və səliqəliliyi kimi meyarlar əsasında dəyərləndiriblər.

      

Növbəti günlərdə münsiflərin qiymətləndirməsi əsasında müəyyən olunmuş ən yaxşı xalça müəllifləri, onların ustaları və təmsil etdikləri peşə təhsili müəssisələri hər üç kateqoriya üzrə kubok, hədiyyələr və sertifikatlarla mükafatlandırılacaqlar.

      

Qeyd edək ki, WorldSkills Azerbaijan peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Bu platforma gənclərə dünyanın ən nüfuzlu bacarıq olimpiadasında iştirak etmək və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı yaradır.