Azərbaycana səfər edən Türkiyənin OSTİM Texniki Universitetinin nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.

 

Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev ali təhsil müəssisələri arasında əməkdaşlığın tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addım olduğunu bildirib.

 

Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu ifadə edən OSTİM Texniki Universitetinin rektoru Murat Yülek iki ali məktəb arasında imzalanacaq protokolun əhəmiyyətindən danışıb. Bildirib ki, əməkdaşlığın inkişaf etdirilməsi tədrisin keyfiyyətinin yüksəldilməsi və mütəxəssis hazırlığı istiqamətində mühüm nəticələr verəcək.

 

Görüş çərçivəsində universitetlər arasında menecment və sənaye mühəndisliyi ixtisası üzrə birgə bakalavr təhsili və tədrisinin təşkili haqqında protokol imzalanıb. Protokola əsasən, tərəflər iki ali təhsil müəssisəsi üçün ortaq tədris planı üzrə menecment və sənaye mühəndisliyi proqramının yaradılması barədə razılığa gəlib. Əsas məqsəd sözügedən proqrama qoşulan tələbələrin keyfiyyətli təhsil almalarıdır.  

 

AzTU tələbələri birgə proqramda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanında müəyyən edilmiş lazımi balı toplamalı, həmçinin OSTİM Texniki Universitetinin əcnəbi tələbə qəbulu üzrə tələbini yerinə yetirməlidir.

 

Qeyd edək ki, proqramın müddəti 4 ildir. Birgə bakalavr proqramını müvəffəqiyyətlə bitirən hər bir tələbə menecment və sənaye mühəndisliyi ixtisası üzrə hər iki universitetin diplomuna sahib ola biləcək.

 

Xatırladaq ki, qardaş ölkə universitetlərinin əməkdaşlığı çərçivəsində artıq bir neçə aydır AzTU-da ingilis dili fənni OSTİM Texniki Universitetinin proqramı əsasında tədris olunur.