Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri, tibb üzrə fəlsəfə doktoru Tariyel Ömərov bariatrik metabolik cərrahiyyədə növbəti uğuru ilə bir ilkə imza atıb. Onun mədəkiçiltmə əməliyyatlarında icad etdiyi yeni bir modifikasiyası artıq beynəlxalq aləmdə təsdiqini tapıb.

 

Universitetdən bildirilib ki, tanınmış cərrah bu yeniliyinə görə beynəlxalq patent də alıb. 

 

Avrasiya Patent Təşkilatı (Euroasian Patent Organization) Tariyel Ömərova Laparoskopik Bariatrik cərrahiyyə əməliyyatları zamanı  tətbiq etdiyi yeni modifikasiyanın patentini təqdim edib. Artıq bariatrik metabolik cərrahiyyənin yeni bir modifikasiyası sırf azərbaycanlı cərrahın adı ilə bağlıdır. 

 

Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri T.Ömərov bildirir ki, bu üsulun yaradılması üzərində 2013-2017 ci illərdə işləyib: "Elə 2017-ci ildə də bu metodla bağlı patent alınması üçün Avrasiya Patent Təşkilatına müraciət etdik. Sevinc  və qürur hissi ilə bildirmək istəyirəm ki, uzun və əziyyətli bir yoldan sonra artıq patentimizi almışıq. 037681 saylı patentdə mənim bariatrik cərrahiyyədə yeni üsulun müəllifi olduğum vurğulanır. Qürurluyam ki, ölkəmizin Bariatrik Metabolik cərrahiyyəsi ilə bağlı beynəlxalq tibb arenasında daha bir ilk addım bizə məxsusdur".